Oktyabrın 28-İ Beynəlxalq Animasiya Günüdür

Oktyabrın 28-İ Beynəlxalq Animasiya Günüdür
28 oktyabr 2024
# 16:15

Oktyabrın 28-də dünya ictimaiyyəti Beynəlxalq Animasiya Gününü qeyd edir.

Kulis xəbər verir ki, 1892-ci il oktyabrın 28-də Parisdə fransız Emil Reno tamaşaçıları yeni, indiyədək görünməmiş bir tamaşaya – “optik teatr”ın nümayişinə dəvət edib. İstedadlı ixtiraçı ilk dəfə olaraq öz aparatını - hərəkətli şəkilləri göstərən praksinoskopu ictimaiyyət qarşısında nümayiş etdirdi. Məhz bu tarix cizgi filmləri erasının başlanğıcı hesab olunur. Beynəlxalq Animasiya Günü 2003-cü ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyası tərəfindən təsis edilib və hazırda bütün dünyada qeyd olunur.

Azərbaycanda animasiyanın tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçisi kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib və həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və filmin mövzusu Azərbaycan xalq nağıllarından götürülür.

1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirib, həmçinin bu sahədə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırıb. Cizgi filmlərinin yaradılmasına 20 nəfərdən ibarət rəssamlar qrupu cəlb edilib. 1969-cu il fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalına başlanılıb. 1990-cı ilin aprelində Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfat üsuluna keçiblər və “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi yaradılıb.

1981-ci ildə dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudov “Başlanğıc” qısametrajlı televiziya cizgi filmini çəkib. Yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açan, xeyir və şərin simasında çətinliklərin aradan qaldırılaraq əmin-amanlıq şəraitində yaşamağın mümkün olduğunu təbliğ edən həmin film Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycantelefilm” tərəfindən istehsal olunub. Həmin illərdə 19 cizgi filmi, o cümlədən “Bir dəfə haradasa…”, “İthaf”, “Oda”, “Göyçək Fatma”, “Karvan” kimi populyar animasiya əsərləri lentə alınıb.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlayıb. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-ci illərin 9 cizgi filmləri yer alıb.

2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı – ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yaradılıb, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib. Qeyd edək ki, Rəşid Ağamalıyevin müəllifi olduğu “Azərbaycan animasiyası” kitabı animasiya haqqında geniş məlumat toplanan yeganə mənbədir.

# 412 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #