“Oğul” sənədli filmi nümayiş olundu - Foto

“Oğul” sənədli filmi nümayiş olundu - Foto
19 oktyabr 2023
# 10:04

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının birgə istehsalı olan "Oğul" filmi ölkədə mədəniyyət sahəsinin inkişafı baxımından çox gözəl publisistik bir kino salnaməsidir. Onun sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə gətirilən, dövlətimizin başçısının tapşırığı ilə mədəniyyət siyasətində həyata keçirilən çox uğurlu layihələr silsiləsindəndir.

Sonra çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib. O, film çəkildiyi dövrdə, hadisələrdən 25 il keçməsinə baxmayaraq N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib: “Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür”.

Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə müsahibəsində qeyd edib ki, “Oğul” sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib: “Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”.

Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı.

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb.

Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.

Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.

Film Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ festivallarında nümayiş etdirilib.

Tədbir zamanı, həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağa, Xocalıya, şəhidlərə, erməni əsirliyinə və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər kitablarının satışı da reallaşdırılıb və satışdan əldə olunan gəlir “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.

# 1412 dəfə oxunub

Müəllifin son yazıları

# # #