"O, özü də burada, bizim aramızdadır" - Tərlanə Yaqubqızı

"O, özü də burada, bizim aramızdadır" - Tərlanə Yaqubqızı
12 dekabr 2023
# 11:20

Kulis.az Tərlanə Yaqubqızının "Əziz qonaq" adlı yeni yazısını təqdim edir.

Bu gün xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əıiyevin anım günüdür.

2003- cü ilin soyuq dekabr günündə o, əbədiyyətə qovuşdu. Elə bilirəm ki, o ilin dekabrında hava indikindən çox- çox soyuq, şaxtalı olub. Yadımda qalan bu idi ki, xalq acı göz yaşları içərisində öz rəhbərini son mənzilə yola salırdı. O nəhəng izdihamın içində mən də vardım, ürəyimdə də bu misralar:

Başının üstündə bayraq ağlayır,
Ayağın altında torpaq ağlayır.
Bu Vətən ağlayır, bu xalq ağlayır.
Çiçəklər ağlayır məzarın üstə.
Əbədi heykəlsən ürəyimizdə...

Bəli, o, ürəyimizdə əbədi heykəlini qoyub getdi.

Tarixdə çox şəxsiyyətlər olub. Amma zamanla bir çoxlarının heykəllərinin uçurulub sındırıldığını, yerlə- yeksan olunduğunu gördük.

Bu heykəli heç kəs məhv edə bilməz. Buna heç kəsin gücü çatmaz. Çünki bu heykəl onun qurucusu olduğu yeni Azərbaycanın ürəyində bərqərar olub.
Xalqın böyük sevgisi bu heykəli zamanın bütün sınaqlarından, təbiətin bütün fəlakətlərindən qorumağa qadirdir.

Xalq onu sevirdi.

Çünki o, xalqın içindən çıxmışdı.

Çünki o, sadə zəhmətkeş ailəsində böyümüşdü.

Buna görə də sadə idi. Həm də əzəmətli.

Buna görə də sadə xalqın arzu və istəklərindən xəbərdar idi.

Mən də o sadə xalqın nümayəndəsiyəm. Atam fəhlə baba idi. Altı nəfərdən ibarət olan ailəmiz əmimin bizə verdiyi darısqal bir otağa sığınmışdı.
Anam hər dəfə giley- güzar edəndə atam deyirmiş:
- Düzələr. O kişi kömək edər!
Mən o vaxt çox balaca idim. 1974- cü ilin mayında babamın Mərkəzi Komitəyə yazdığı ərizədən sonra ailəmiz Gənclik metrosuna yaxın ərazidə dörd otaqlı geniş mənzillə təmin olundu. O gün bizim evdə böyük şadyanalıq keçirilib. Babamın Heydər Əıiyevə yazdığı məktubun bir surətini anam biz tələbə yaşına çatana qədər əzizləyib saxlayıb. İndi də namazda onun ruhuna dualar edir.
Bir də səksəninci illərin sonunda ermənilər bizə qarşı təxribata başlayanda atamdan bu sözləri eşitdim:
- Düzələr. O kişi gəlsə, hər şey düzələr!
Bəli, atam həmişəki kimi haqlı imiş!

O öz gəlişi ilə sönüb öləziməkdə olan ümidləri yenidən yandırdı. Parçalanmaq təhlükəsi ilə üz- üzə qalan Vətənimizi milli qəhrəman kimi qorudu, vətəndaş müharibəsinə son qoydu, atəşkəsə nail oldu, iqtisadiyyatımızı gücləndirmək üçün ölkəyə investorlar cəlb etdi, "Əsrin müqaviləsi"ni imzaladı. Bütün bunlar bugünki möhtəşəm qələbəmizə doğru atılan addımlar idi.

Peşəm mədəniyyətlə, təhsillə bağlı olduğundan mən Heydər Əliyevin bu sahədə necə böyük işlər gördüyünü vurğulamaq istəyirəm.

O, hələ 1969- cu ildə ilk dəfə hakimiyyətə gələndə Azərbaycan gənclərinin qayğısına qalıb. Ali məktəblərə qəbul zamanı "Bilik yeganə meyardır" şüarını irəli sürüb. Qocaman oxucumuz Tohid müəllim mənə danışırdı ki, yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra o, illərlə arzuladığı hüquq fakültəsinə daxil olub.

Yadımdadır, o vaxt ümummilli liderimiz azərbaycanlı tələbələri xaicdə oxumağa göndərir, onların qayğısına qalırdı.

O da yadımdadır ki, tetr tamaşalarının premyarasında iştirak edir, səhnə arxasında aktyor heyəti ilə görüşüb onların problemləri ilə maraqlanırdı.

O, ixtisasca memar olsa da poeziyanı şairlərdən, teatrı tənqidçilərdən, kinonu kinoşünaslardan yaxşı bilirdi. Bu nə mübaliğədir, nə gəlişigözəl sözlər. Onun mədəniyyətlə, ədəbiyyatla bağlı tədbirlərdə etdiyi o gözəl çıxışlar hamımızn yadındadır.

Milli kinomuzun "Nəsimi", "Dədə Qorqud", " Babək.", "İstintaq", "Bir cənub şəhərində" kimi inciləri məhz onun təşəbbüsü ilə çəkilib.

Onun Azərbaycan Milli Kitabxanasına dörd dəfə gəlişi, öz şəxsi kitabxanasından 300 kitabı fondumuza bağışlaması elmə, mədəniyyətə verdiyi yüksək qiymətin göstəricisi idi. Çox təəssüf ki, o vaxt mən milli kitabxanada çalışmamışam. Amma qocaman əməkdaşlarımız o günü toy- bayram kimi xatırlayırlar, çünki uzaqdan- uzağa sevdikləri şəxsiyyəti iş yerində üzbəüz görmək böyük xoşbəxtlik idi. O, kitabxanamızın ən əziz, ən unudulmaz qonağı idi.

Milli kitabxananın foyesində Heydər Əliyev guşəsi yaradılıb. Hər dəfə işə gedib- gələndə o guşənin qarşısından keçirəm . Mənə elə gəlir ki, o, özü də burada, bizim aramızdadır, buradakı qaynar həyata, oxuyan gənclərə baxıb sevinir.

Onun kövrək, titrək səslə söylədiyi "AZƏRBAYCAN" şeiri yadıma düşür:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Ruhun şad olsun, böyük AZƏRBAYCANLI!

# 1092 dəfə oxunub

Müəllifin son yazıları

# # #