O gözəl Ukrayna... – Günün şeiri

O gözəl Ukrayna... – Günün şeiri
24 fevral 2022
# 18:47

Kulis.az Taras Şevçenkonun “Vəsiyyət” şeirini təqdim edir.

Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var!
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar!


Mənim Ukraynamdan yuyub aparsa ,
Dnepr yad qanını mavi dənizə,
Onda mən sözümü deyərəm qısa,
Unudub tarlanı, dağı… nə isə,
Son verib fəğana, son verib aha,
Dua eyləyərəm onda Allaha.
Çiçək açmayınca bax, bu arzular,
Edərəm yenə də hər şeyi inkar.
Məni basdırınız, üsyan ediniz,
Qırıb yox ediniz o qandalları.
Düşmənin qanını axıtmaqla siz
Azad olarsınız, biliniz barı.
Mən isə gələcək böyük, şən, xoşbəxt,
O azad və yeni ailənizdə
Xatırlayarsız, hər zaman hər vaxt,
Adımı çəkərək şən dilinizdə.

# 3810 dəfə oxunub

Müəllifin son yazıları

# # #