"O, adamların dərdinə uzaqdan baxmırdı..." - Qənirə Paşayevanın əziz xatirəsinə

"O, adamların dərdinə uzaqdan baxmırdı..." - Qənirə Paşayevanın əziz xatirəsinə
28 sentyabr 2026
# 16:30

Kulis.az Şahanə Müşfiqin "Əbədi ömür" yazısını təqdim edir.

Qənirə Paşayevanın əziz xatirəsinə

Bu gün düz 3 il keçir… Üç ildir ki, onun haqqında danışanda keçmiş zamandakı hər söz dilimizi yandırır, hər xatirə ürəyimizdə od kimi qalanır. Üç ildir ki, onun barəsində “vəfat etdi” ifadəsinə öyrəşə bilmirik. Üç ildir ki, hər an, hər dəqiqə haradansa səsi gələcək, yenə kiminsə yardımında adı çəkiləcək, yenə parlament kürsüsündən ən həyati məsələləri səsləndirən nadir deputat kimi xəbərlərini eşidəcəyik deyə gözləyirik. Sanki bir azdan qapı açılacaq, o tanış səs gələcək, sürətli addımlarla içəri girəcək, kiminsə əlindən tutub halını soruşacaq, bir məsələnin üstünə düşəcək, “bunu mütləq həll etmək lazımdır” deyəcək...Və üç ildir ki, bizim bütün bu gözləntilərimizə tək bir cavab gəlir: sükut!

Bir müddət onunla çalışmaq, çox yaxın ünsiyyətdə olmaq şansı qazanan biri kimi Qənirə Paşayeva barəsində düşünəndə ilk ağlıma gələn söz “tələskənlikdir”. O həmişə harasa tələsirdi. Sözə tələsirdi. İnsanlara tələsirdi. Görüşə, söhbətə, bir dərdin üstünə, bir ümidin arxasınca tələsirdi. Elə bil ömrünün az olacağını bilirdi və o az ömürə daha çox iş, daha çox yaxşılıq, daha çox iz sığdırmağa çalışırdı. Bəli, onun hər əməli, hər sözü, hər yazısı bu dünyadakı izi idi. Bunu onsuz keçən üç ildə daha çox xatırladıq.

Mənim üçün Qənirə Paşayeva daha çox səsi, səlis nitqi ilə yadda qalan insanlardan idi. Çünki mən uşaq vaxtı onu öncə səsi ilə ayırmışdım digər jurnalistlərdən. Onun İraq müharibəsindəki izləyərkən görüntüdən daha çox tələskən, həyəcanlı, eyni zamanda cəsur, inamlı və etiraz dolu səsi cəlb etmişdi məni. Onun səsində hər şey vardı, amma ən çox olan ürək idi. O, danışanda elə bil sözləri yalnız dilindən yox, birbaşa içindən gəlirdi. Bəlkə də ona görə onun danışığını dinləmək sadəcə bir insanı dinləmək deyildi. Sanki hansısa məsələni birlikdə düşünürdün, hansısa dərdin içindən birlikdə keçirdin.

Qənirə xanım haqqında yalnız gördüyümüz işlərdən, yazdığı sözlərdən, dediyi fikirlərdən danışmaq mənə həmişə az gəlir. Çünki bəzi insanları gördükləri işlərdən çox, insanlara toxunduqları yer müəyyənləşdirir. Qənirənin ən böyük tərəfi də bəlkə bu idi. O, adamların dərdinə uzaqdan baxmırdı. Bir insanın problemi onun üçün “başqasının problemi” deyildi. Elə bil hər dərdin içində özündən bir parça görürdü. Çünki Qənirə insanları dinləyirdi. Həqiqətən dinləyirdi. Özü də təkcə qulaqları ilə deyil, həm də ürəyi ilə dinləyirdi…Etiraf edək ki, günümüzdə bu, çox böyük xüsusiyyətdir. Çünki hamı danışmaq istəyir. Qənirə xanım isə dinləməyi sanki özünə peşə etmişdi. Ya da bəlkə də peşəsindən- jurnalistikadan gələn, daxili keyfiyyəti ilə qovuşan bir xüsusiyyət idi bu onda…

O, insanlara bəzən özlərindən də yaxın idi. Onun üçün qarşısındakı adamın vəzifəsi, adı, tanınmışlığı, cəmiyyətdəki yeri önəmli deyildi. İnsan insandı. Vəssalam. Bəlkə də buna görə onu tanıyanların yaddaşında böyük adlardan, vəzifələrdən, titullardan əvvəl Qənirə olaraq qaldı.

Bu, hər kəsə nəsib olan yaddaş deyil. Adını deyəndə soyadına ehtiyac qalmırsa, deməli, insan artıq yaddaşlarda özünə ayrıca yer açıb. Qənirə o yeri açmışdı. Həm də çoxdan.

O, elə bir insandır ki, onun yoxluğunu təkcə hansısa böyük tədbirlərdə deyil, daha çox ən adi bir anda- bir söhbətin ortasında, bir xatirənin duracağında, bir şəkildə, bir xəbəri oxuyanda- hiss edirsən. Və yenə də yoxluğuna inanmırsan, inanmaq istəmirsən…

Sevdiyin insanın itkisi səs-küylü olmur. Sakitcə, hiss etdirmədən gəlir. Qənirə xanımın yoxluğu da məhz o cür oldu. Öz-özünə “1-2 günə Qənirə xanım filan məsələyə görə zəng edəcək, onda digər məsələni də müzakirə edərik”- deyə düşündüyün yerdə, qəfildən onun ölüm xəbərinə oyanırsan… Bircə anda telefonunda zəngini gözlədiyin o nömrə sahibsiz qalır. Onu özünə arxa-dayaq bilən neçə-neçə dərdlinin sahibsiz qaldığı kimi…

Çox adamın həyatına toxunmuşdu Qənirə Paşayeva. Bəzilərinin əlindən tutaraq. Bəzilərinin sözünü dinləyərək. Bəzilərinə bir cümlə deyərək. Bəzilərinə sadəcə “mən yanındayam” hissini verərək. Bəlkə də insanın bu dünyada edə biləcəyi ən böyük yaxşılıq budur: kiminsə özünü tək hiss etməsinə imkan verməmək. Vəkili olduğu Tovuz rayonunun vətəndaşlarından tutmuş mədəniyyət, incəsənət xadimlərinə, şəhid ailələrinə, qazilərə qədər hər kəsin kimsəsi, güvən yeri idi o. Onun həyatının, diqqətinin, qayğısının qapıları hər kəs üçün taybatay açıq idi.

Bəlkə də o yeganə məmurlardan idi ki, hansısa ucqar bir rayonun ucqar bir kəndində yaşayan sakinin də onunla bağlı bir xatirəsi ola bilərdi. Hətta vardı da. Çünki Qənirə onun da həyatına toxunmağa, əlindən tutmağa, üzünə gülməyə vaxt tapmışdı.

Şahlara, sultanlara qalmayan dünya bizə də qalmaz, əlbət. Hər birimiz bu dünyada yolçuyuq. Gəlmişik… Gedəcəyik… Amma hansımız necə iz qoyacağıq?! Məncə, əsl sual da, əsl cavab da budur.

Qənirə Paşayeva əməlləri, qələmi, yaxşılıqları, gördüyü işlər, yazdığı kitablarla bu dünyada əbədi iz qoyan nadir insanlardır. Onun izi təkcə sözlərdə, şəkillərdə, videolarda deyil, ürəklərdə qaldı, qalacaq…

Yoxluq da bir varlıqdır. Yoxluğu hiss olunmayan adam bəlkə də heç vaxt bizimlə həqiqətən yaşamayıb. Qənirə Paşayevanın yoxluğu hiss olunur. Həm də çox. Amma ən böyük təskinliyimiz odur ki, Qənirə Paşayeva kimi insanlar xatirəyə çevriləndə kiçilmirlər. Əksinə, böyüyürlər. Səsə çevrilirlər. Sözə çevrilirlər. Duyğuya çevrilirlər. Və illər keçdikcə adam daha çox xatırlayır. İndi onu bəzən bir sözdə, bəzən bir xatirədə, bəzən də heç gözləmədiyimiz bir anda içimizdən keçən o qəribə kövrəklikdə tapırıq. Və anlayırıq ki, insanın bu dünyadakı ömrü bir gün bitir, amma onun başqalarının qəlbində başladığı ömür əbədidir. Qənirənin də ömrü sevənlərin yaddaşında, onunla yolu kəsişənlərin xatirəsində, böyük bir xalqın tarixində davam edir...

Allah rəhmət eləsin!

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər