Nəvələrinə fastfud yedizdirən nənələr - Məqsəd Nur

Nəvələrinə fastfud yedizdirən nənələr - Məqsəd Nur
21 oktyabr 2023
# 14:00

Kulis.az Məqsəd Nurun yazısını təqdim edir.

"Mənim nağıl" kitabım adlı ictimai layihəyə başlayanda çox ümidli idim. Düşünürdüm ki, hər kəsin mütləq bir nağıl kitabı var. Belə deyək, hər kəs ən azı bircə nağıl da olsa, xatırlayır. Deyirdim, qoy məndən onca bayram kiçik dostlarım Andersonu da xatırlasın, baxdığı çoxsaylı əcnəbi cizgi filmlərini də, Disneyi, "qorxulu kinolar"ı da, amma heç olmasa, bircəcə Azərbaycan nağılından beşcə dəqiqə həvəslə danışa bilsin.


Əvvəlcə mən öz nağıl kitabım barədə danışım, sonra dərinə gedərəm. Nənəm məni Cırtdanı tənqid etməklə böyütdü. O demək istəyirdi ki, Cırtdan tənbəllik etməsəydi, daha yaxşı oğlan olardı. Cırtdan barədə sözünün əvvəli də, axırı da bu məntiqlə bitirdi. Yəni, nənəmə görə, bu Cırtdan elə də pis uşaq deyildi, zirək idi, dostlarını da təhlükəli vəziyyətdən çıxardı, amma neynəyəsən, tənbəl idi ki, tənbəl. Qəribəir, biz Cırtdandan gah indiki, gah da keçmiş zamanda danışardıq. Bizim nənəmlə uydurduğumuz Cırtdan gah yaxınlarda - haradasa dağların o üzündə, gah da az qala min il əvvəldə yaşayırdı. Elə o boydaca, dağların o üzündə, tarixin içində, hərəkətli halda qalmışdı və deyəsən heç böyümürdü. Bu Çırtdanın nənəsi də eləcə, nə qurdla qiyamətə getmiş, nə ölüb qurtarmamışdı. Gah yaxına gəlir, gah da min il geriyə uzaqlaşıb tarixin içindən bizə tərəf boylanırdı. Bir sözlə, bütün nağıl qəhrəmanları sağ-salamat idilər. Divdən başqa. O, hər nağıl danışanda diriləcək, nağıl bitəndə isə ölüb qurtaracaqdı.


Mən nənəmdən fərqli olaraq düşünürdüm ki, Cırtdan ağıllı, zirək olmasaydı o vəziyyətdən çıxa bilməzdi. Amma bu sözü heç vaxt nənəmə deyə bilmədim. Çünki biz Cırtdanı sağına-soluna, yuxarı-aşağı, ha müzakirə etsək də, nənəmə görə o, tənbəl idi ki, tənbəl. Ağlı isə sonrdan əmələ gəlmişdi - çətin vəziyyətə düşəndə! Və nənəsini o qədər həyəcanlandırmışdı ki, ta neynirdi nənə o zirəkliyi?! Beləcə, mən heç xatırlamıram, tənbəlliyin daşını birdəfəlik atmağı, əməyə məhəbbəti Cırtdanın səhvlərindən öyrəndim, yoxsa nənəmdən?


Nənəm gec yatar, tez ayılardı. Ha ətrafa baxsam, ha özümə rəhm etmədən çalışsam da nənəm kimi fədakar insan görmədim.


Hə, bu yaxınlarda "Mənim nağıl kitabım" layihəsi çərçivəsində iki Bakı məktəbində oldum. Bəri başdan deyim ki, ağıllı, zirək yeni nəsil yetişir, fədakar müəllimlərimiz hələ də iş başındadır. Bircə ondan duyuq düşdüm ki, əvvəlki nənələr yoxdur. Zaman necə də sürətlə insanı, cəmiyyəti, dəyərləri dəyişirmiş! Bir anlıq mənə elə gəldi ki, nənələrimiz itib, tarixə qovuşub. Yox, onlar var, daha doğrusu, bir rus komediya filmində deyildiyi kimi, "yox, biz inkar etmirik, əcinnələr var idi, amma onlar özləriniməhvə üstünlük verdilər".


"Mənim nağıl kitabım" layihəsi üçün getdiyimiz məktəbdə tanınmış dostlarımdan biri beşinci sinif şagirdinə sadə bir sual verdi:

-Böyüyəndə nə olacaqsan?

-Həkim.

-Əla! Həkim olub nə edəcəksən?

-Pul toplayıb nənəmin varikoz damar genişlənməsini sağaldacam.


Mən bu sadə cavabda pulun önə çıxmasını, səhiyyənin, oturaq həyat tərzinin problemlərini axtarmaq istəmirəm, yox, əksinə, müasir nənələrin də nə qədər zəhmətkeş olduğunu bilirəm. Digər tərəfdən, düşünürəm ki, nənələri daha faydalı əməyə cəlb etməyin vaxtıdır - hər bir nənənin qlobal stresdən çıxması, uzunömürlü olması üçün. İndiki dünyada əsas məsələlərdən biri də təcrübələrin gələcək nəsilə ötürülmə ehtiyacıdır. Sadə, lakin əvəzedilməz insan təcrübəsinin gələcək nəsilə ötürülməsi üçün nənələrimiz daha uzun, daha rahat yaşamalıdırlar ki, məsələn, nağıl öyrənməyə də vaxtları və həvəsləri qalsın. Erkən piylənməsinlər, nəvələrinə fastfud yedizdirib, ən son dəblə geyindirib, fərəhlənməsinlər.


Onu deyirdim ki, "Mənim nağıl" kitabım layihəsi çərçivəsində öyrənmiş oldum ki, nənələrimiz uşaqlara nağıl danışmır. Bəlkə elə buna görə də uşaqlar özlərindən nağıl uydururlar. Həkim olub pul qazanacağı, polis olub ev tikdirəcəyi, futbolçu olub maşın alacağı barədə - təbii, gözəl uşaq nağılları. Maraqlıdır, bu "uydurmaçı"uşaqların əksəriyyəti də oğlanlardır...

Düzünü deyim ki, neçə gündür, müasir nənə obrazını təcəssüm etdirən bir hekayə barədə düşünürəm, amma girinc qalmışam. Görəsən, necədir o müasir nənə prototipi, kimdir o, tapa bilmirəm? Əlbəttə, bunu öz qüsurum hesab edirəm. Zəhmət çəkib daha çox düşünməliyəm ki, bu hekayəni yaza bilim...

qaynarinfo

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

# # #