Neçə zəif şair yola salmışam – İsa İsmayılzadə

İsa İsmayılzadə, şair

İsa İsmayılzadə, şair

6 yanvar 2022
# 09:42

Kulis.az Xaliq Rəhimlinin “Yaddaşdan yazıya” yazısını təqdim edir.

Unudulmaz şair İsa İsmayılzadə sözə, şeirə kifayət qədər tələbkar idi. Bu həmin İsa müəllim idi ki, mən hərbi xidmətdən qayıdanda "Azərbaycan" jurnalında müavin işləyirdi. Jurnala işimə bərpa olunmağımı bildirəndə mənə dedi:

- Eşitmişəm sən yaxşı oğlansan. Əvvəla sənin əvəzinə işçi götürülüb. Sonrası da gəncsən, yetmiş manat maaşla neyləyəcəksən. Get pullu iş tap işlə, dolan, yaşa özün üçün.

Mən bir az fikrə getsəm də yetmiş manatın cazibə qüvvəsindən asanlıqla qurtula bildim. İsa müəllimlə razılaşıb əmək fəaliyyətimin yönünü dəyişməli oldum. Söz fəhləliyindən daş fəhləliyinə keçdim. Tikintidə çalışdım.

Bir müddət sonra tarixçi dostum Akif müəllimlə redaksiyanın yanından keçirdik. Dostuma köhnə kollektivlə “Azərbaycan” jurnalının əməkdaşlarıyla görüşməyi təklif elədim. Razılaşdıq. Görüşə-görüşə İsa İsmayılzadənin otağına çatdıq.

Qapını döyüb içəri keçdik. Hiss elədim ki, İsa müəllim salamı birtəhər aldı. Üzündə yorğunluq və nigarançılıq vardı. Məndən çox dostumu başdan-ayağa süzdü, nədənsə ondan gözü su içmədi. Bildim ki, onu şairə oxşadır. Araya müəmmalı bir sükut çökdü. Mən işin nə yerdə olduğunu anladım. Tez, - İsa müəllim bu yoldaş tarixçidir şair deyil, şeir yazmır, - dedim.

Bu sözlərimdən sonra İsa İsmayılzadənin gözlərinə işıq gəldi, üzündə qəribə bir təbəssüm oyandı, eyni açıldı, əvvəlki yorğunluqdan əsər-əlamət qalmadı. Məni təzə görürmüş kimi üzünü üzümə tutdu.

- Bəs bunu bayaqdan niyə demirsən, ay səni sağ olasan? Səhərdən neçə zəif şair yola salmışam, başım şişib, elə bildim sən də birini gətirmisən, dilxor oldum - deyib ürəkdən gülməyə başladı, uğundu.

Dostumla mən də ona qoşulduq.

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #