Nazir Masallıda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu

Nazir Masallıda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu
21 oktyabr 2022
# 12:40

Mədəniyyət naziri Anar Kərimov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edən mədəniyyət naziri Anar Kərimov daha sonra bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Nazirlikdən APA-ya verilnə xəbərə görə, müəssisələrin fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov mədəniyyət ocaqlarında işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Nazir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəbdə fortepiano, tar, kamança, qarmon, balaban, xanəndəlik, rəssamlıq və xoreoqrafiya ixtisasları üzrə 304 şagird təhsil alır, 70 müəllim çalışır. Nazir sözügedən məktəbin keçmiş binasına da baş çəkib.

Mədəniyyət naziri 1963-cü ildə fəaliyyətə başlayan Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib, 1984-cü ildə yaradılan və muzeyə məxsus binada fəaliyyətini davam etdirən Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub.

Masallı rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.

Nazir Masallıda XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamamı (inv. № 4845) və Cümə məscidini (inv. № 4863) də ziyarət edib.

Daha sonra Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gələn Anar Kərimovu mərkəzin qarşında “Halay” və “Həcər” kollektivləri musiqi sədaları ilə qarşılayıblar. Mədəniyyət ocağının fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1956-cı ildən fəaliyyət göstərən mərkəzin binasında 2011-2013-cü illərdə əsaslı təmir işləri aparılıb.

Sonra nazir mərkəzdə xalq tətbiqi sənət nümunələrinin hazırlanma prosesi ilə tanış olub, "Cənub incisi" ansamblının müşayiəti ilə Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramını izləyib.

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #