Nazim Hikmətin 125 illik yubileyi keçirildi

Nazim Hikmətin 125 illik yubileyi keçirildi
5 aprel 2022
# 17:40

5 aprel 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı türk şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı və türk inqilabi poeziyasının banisi Nazim Hikmətin 120 illik yubileyi münasibətilə tədbir keçirmişdir.

Kulis.az xəbər verir ki, tədbiri giriş söz ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli türk şairi Nazim Hikmətin müstəmləkə siyasətinə qarşı çıxdığına, kommunizmi təbliğ etdiyinə görə ömrünün çox hissəsi həbsxana və sürgünlərdə, qürbətdə keçən həyatından, fərqli düşüncə tərzindən, ziddiyyətli və məşəqqətli bioqrafiyasından geniş bəhs etmişdir.

Tədbirdə Nazim Hikmətin həyat və yaradıcılığının önəmli anlarını əks etdirən qısa videoçarx və Nazim Hikmətin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki oğlan” bədii filmindən epizod nümayiş olunmuşdur.

Sonra şair-publisist, ədəbiyyatşünas, prezident təqaüdçüsü Ramil Əhmədov “Nazim Hikmətin həyatının Bakı dönəmi” mövzusunda məruzə edərək şairin ilk kitabı “Günəşi içənlərin türküsü”nün Bakıda nəşr olunması, onun Azərbaycanın tanınmış ədəbiyyat, mədəniyyət adamları ilə əlaqələrindən və Nazim Hikmətin azərbaycanlı tədqiqatçılarından bəhs edərək, böyük türk şairinin yaradıcılığında Bakı dövrünün əhəmiyyətindən, Nazim Hikmətin Bakıya olan bağlılığından söhbət açmışdır.

Daha sonra tədbirə onlayn qoşulan Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərid Hüseyn “Nazim Hikmətin şəxsiyyətindən doğan poetik dünyagörüşü” adlı məruzəsində şairin keçdiyi həyat yolunun onun düşüncəsinə, yaradıcı psixologiyasına təsiri və bütün bunların onun yaradıcılığında əksi məsələlərindən danışdı. Eyni zamanda, Nazim Hikmət şeirinin sonradan Türkiyə ədəbiyyatında nə üçün ədəbi məktəb yaratmasından danışdı. Bundan başqa F.Hüseyn Nazim Hikmət yaradıcılığının həm ənənəvi şeir, həm də avanqard poeziyanın qovşağında yaranmasının səbəblərindən bəhs etmişdir.

“Nazim Hikmətin ideoloji mübarizəsi” adlı mövzuya müraciət edən Muzeyin əməkdaşı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Ülviyyə Yusifova çıxışında Nazim Hikmətin komunist ideologiyasi uğrunda apardığı mübarizələri və ideallarına olan sədəqətini vurğulamışdır.

Filialın əməkdaşı Tofiq Abdullayevin çıxış edərək Azərbaycanın görkəmli sənətkarı, “Respublikanın Əməkdar Mədəniyyət İşçisi” Aşıq Şakir Hacıyevlə Nazim Hikmətin Moskva şəhərində görüşündən bəhs edən bir xatirəni söyləməsi tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Tədbir iştirakçılarından Sahilə Müseybova, qiraətçi Ərəstun Sadıqov şairin şeirlərindən nümunələr söyləmişlər.

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #