Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır
28 aprel 2026
# 15:52

18 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında Sərəncam imzalanıb.

Kulis.az xəbər verir ki, Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq tədbirlər planı təsdiq olunub.

Həmin plana uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilir.

Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov NTV-yə bildirib ki, abidənin ucaldılacağı ərazi artıq müəyyənləşdirilib və müvafiq konsept hazırlanıb. Konseptə əsasən, Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı İstirahət Kompleksi” ərazisində abidənin ucaldılması nəzərdə tutulur. Abidənin ərazisi 212 kvadrat metr, heykəlin hündürlüyü 2.7 metr, postamenti hündürlüyü isə 90 sm-dir. Heykəlin müəllifləri isə Azərbaycanın Xalq rəssamları Salhab Məmmədov və Əli İbadullayevdir.

Onun sözlərinə görə, layihələndirmə işləri tamamlanıb və hazırda tikinti-quraşdırma prosesi davam edir. Paralel olaraq heykəlin və postamentin hazırlanmasına başlanılıb.

Qeyd edilib ki, heykəl hazırda Bakı şəhərində hazırlanır və bu ilin may ayında Naxçıvana gətirilməsi planlaşdırılır.

Bildirilib ki, abidənin ucaldılması mədəni irsin təbliğinin gücləndirilməsinə, şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılmasına və Naxçıvanın turizm cəlbediciliyinin artırılmasına xidmət edəcək.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər