"Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminar İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilib.
Kulis.az xəbər verir ki, layihədə ümumilikdə 14 mədəniyyət müəssisəsindən 40 əməkdaş iştirak edib.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.
Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.