"Musiqidə ədəbi dil normaları" adlı seminar keçirildi

"Musiqidə ədəbi dil normaları"  adlı seminar keçirildi
6 iyun 2024
# 14:00

İyunun 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Musiqidə ədəbi dil normaları" adlı seminar keçirilib.

Kulis.az Azərtac-a istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminarın mövzusunun aktual və vacib məsələyə həsr olunduğunu bildirib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qeyd edib ki, xarici dillərin strukturlarındakı normalarla Azərbaycan dilinin normaları arasında çox fərqlər var və hər dilin öz qanunları olduğu üçün onun strukturunu başqa dil ilə qarışdırmaq olmaz.

Seminarda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, akademiyanın "Humanitar elmlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva çıxış edərək musiqi nümunələrinin mətnlərində Azərbaycan dilinin normalarının pozulması halları, aktual problemlər, ədəbi dil normalarına riayət olunması kimi məsələlərə toxunublar.

Tədbir zamanı opera müğənnisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov mahnılarda keyfiyyətli söz seçimi məsələsinə toxunub və "Könlüm sitəminlə cana yetdi", "Sənsiz" əsərlərini əyani nümunə olaraq ifa edib.

Tədbirdə milli dəyərlərin inkişafında dil və musiqinin əhəmiyyətindən, mahnı mətnlərində yol verilən nitq qüsurları, üslub və ifadə səhvləri kimi məsələlərə də toxunulub. Musiqinin cəmiyyətin müxtəlif sahələrinə təsirindən bəhs edilib.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

# 692 dəfə oxunub

Müəllifin son yazıları

# # #