Bu günlərdə “Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin dəstəyi ilə Bakı şəhərində ədibin büstü önündə anım tədbiri keçirilib.
Kulis.az xəbər verir ki, gülqoyma mərasimindən sonra tədbiri giriş sözü ilə açan, uzun illər Müşfiq tədbirlərinin təşkilatçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə Müşfiqin həyat və yaradıcılıq yoluna nəzər yetirdi.
Xüsusilə vurğuladı ki, Müşfiq heç də hər bir sənətkara nəsib olmayan bir zirvəyə, klassik zirvəsinə yüksəlib, özü də 29 yaşında. Müşfiq həm bir sənətkar, həm də bütöv şəxsiyyət kimi xatırlanır, sevilir. Ruhun, qəlbin dili Müşfiq şeiriyyatında, Müşfiq şeirlərinə yazılmış mahnilardadır.
Müşfiq heç bir zaman qocalmayan, hər zaman gördüyümüz o 29 yaşlı nurlu, gözəl siması ilə yaddaşlarda qalacaq, yaşayacaq.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbir iştirakçılarına Müşfiqlə bağlı həyata keçirilən dövlət qayğısından söz açdı. Özü də Müşfiq sevdalısı olduğundan vurğuladı ki, hazırda ruhumuzun dincəldiyi Müşfiq bağındayıq. Qəlbimizdə Müşfiqə sevgi, məhəbbət o qədər böyükdür ki, onun hər bir tədbirinə ürəklə, coşqu ilə gəlirik. Musiqisevər insan kimi deyə bilərəm ki, harada duyğulu, mənalı, həzin, ürəyə yol tapan mahnı varsa, görürsən həmin mahnının sözləri ölməz Müşfiqə məxsusdur.
Şair-dramaturq Mahcamal Babayeva, şairlər Anar Məmmədov, Günəş Hüseynov Müşfiqə həsr olunmuş şeirlərini oxudular., “Qobbustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva şair haqqında fikirlərini bölüşdü.
Filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin şairin büstünün ilk açılışı günü iştirakıyla bağlı xatirəsini böyük sevgi ilə tədbir iştirakçılarına çatdırdı.
Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli məktəbin 9b sinif şagirdi Musa Məmmədzadə “Gecə düşüncəsi” şeirini səsləndirdi.
Tədbirdə iştirak edən incəsənət xadimləri – Xalq artisti Gülyaz Məmmədova, müğənnilər – Nicat Cəfərzadə, Sərxan Bünyadzadə, Rasim Səfər şairin sözlərinə bəstələnmiş mahnı ifaları ilə tədbirə xüsusi rəng qatdılar.
Müşfiq irisinin təbliğində xüsusi xidmətlərinə görə bir qrup Müşfiqsevər – Kəmaləddin Heydərov, Hacı Salayev, Mahcamal Babayeva, Reyhan İsmayılzadə, Gülyaz Məmmədova, Sərxan Bünyadzadə, Rasim Səfər, Toğrul Abdullayev, Emil Seyidəliyev “Könüllülər” Kitabxana İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundular.
Tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, filologiya elmləri doktoru, professor Şəlalə Həsəvova, tanınmış elm, mədəniyyət xadimləri, ədiblər, Yasamal rayon ictimaiyyəti, müşfiqsevərlər iştirak edirdilər.
Sonda maşın karvanı Xızıya, Sayadlar kəndinə Müşfiqin dədə-baba torpağına yan aldı.
Müşfiq ocağında şairin büstü önündə gülqoyma mərasimindən sonra, anım tədbiri başlandı.
Tədbiri giriş sözü ilə açan Əməkdar müəllim, Prezident təqaüdçüsü, şair Ofelya Babayeva Müşfiq sənətinin qüdrətindən, onun şəxsiyyət kimi böyüklüyündən söz açdı.
Çıxışçılar - xalq artisti Şəfiqə Eyvazova, şair əməkdar müəllim Nəcməddin Mürvətov, əməkdar jurnalist Qafar Əsgərzadə, əməkdar müəllim Xatirə Həşimzadə və digərləri Müşfiqin sənət dünyasından bəhs etdilər.
İsmayılzadələr nəslinin nümayəndəsi Reyhan İsmayılzadə tədbirlərin təşkilinə görə ailəsi adından təşəkkürünü bildirdi.
Tədbirdə M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış etdilər.
Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov, Xızı RİH-nin məsul işçisi Abdulla Hüseynov, tanınmış elm, mədəniyyət, idman xadimləri, ədiblər, Xızı rayon ictimaiyyəti iştirak edirdi.