24 oktyabr 2023-cü ildə detektiv yazıçı Müşfiq Abbasovla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əlaçı kursantları arasında görüş keçirilib.
Kulis.az xəbər verir ki, Akademiyanın kitabxanasında səmimi ortamda baş tutan görüşdə kursantlar yazıçı Müşfiq Abbasovun detektiv romanlarına münasibət bildirərək əsərlərdəki istintaq və əməliyyat-axtarış fəaliyyətini, cinayətkarların ifşa olunması üçün istifadə olunan metodları müzakirə etmiş, habelə özlərini əsərin qəhrəmanları yerinə qoyaraq qeyri-aşkar şəraitdə baş verən xüsusilə ağır cinayət hadisələrinin qısa müddətdə aşkara çıxarılması üçün daha hansı tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü bildirmişlər.
Daha sonra kursantlarla yazıçı M. Abbasov arasında "Şeytanın siması" kitabındakı polis əməkdaşlarının fədəkarlığı, cinayətkarların gizlənmə üsullarının aşkara çıxarılması tədbirləri, vətənpərvərlik, ailə bağlarına sadiqlik və sair mövzularda maraqlı diskusiya aparılmışdır.
Yazıçı Müşfiq Abbasov belə bir görüşü təşkil etdiyinə görə Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş və sonda "Seytanın siması" kitabını təlim və təhsildə fərqlənən kursantlara öz imzası ilə hədiyyə etmişdir.