Müharibədə oğlunu itirən dəli ata - Nigar Arif

Müharibədə oğlunu itirən dəli ata - Nigar Arif
16 dekabr 2023
# 16:00

Kulis.az Nigar Arifin "Yoxdur" yazısını təqdim edir.

Hərdən ayaqlarımız bizdən əvvəl yüyürüb fikrimizin unudulmuş qatlarında, heç özümüzün də bilmədiyimiz, amma elə bil ki, çalışıb-vuruşub çox ciddi cəhdlə hamıdan gizlədiyimiz həmin o yerə - harasa getmək istəyir…

Bax onda başa düşürük ki, əslində, gediləcək yerimiz yoxdur…

Ən pisi də elə budur… Yoxluq!.. Yoxluğun nə olduğunu anlamaq üçün elə də böyük savad, qeyri-adi bilik-bacarıq tələb olunmur… Əvvəl-axır hamımız az-çox bunun dadına baxırıq, barmağımızı batırıb bəh-bəhlə tamını yoxlayırıq, bəzən əlimiz yanır, bəzən ürəyimiz… “Yoxdur” sözü xəyal qırıqlığıdır, o qırıqlar çox zaman dərimizə batır, yaralayır, ağrıdır, olur ki, öldürür də…

Binamızın arxa hissəsində zibil yeşikləri var idi… Yayın cırhacırında tez-tez üfunət olurdu, hərdən külək də bu iyi qabağına qatıb məhəlləmizə qədər gətirirdi, yanından keçəndə əlimizlə burnumuzu tutsaq da, bir topa çibin-milçək çox həvəslə bu yeşiklərin başına dolanır, üzərində “ləzginka” oynayırdı…

Bir dəfə həmin o yerdən keçəndə üst-başından çirk, üz-gözündən yazıqlıq, bədbəxtlik yağan bir qocanın bu zibil yeşiklərinin içində eşələndiyini, hər şeyi ələk-vələk etdiyini gördüm…

Mən onda uşaq idim, bir uşaq bu mənzərə qarşısında nə qədər heyrətlənib nə düşünə bilərdisə, onu da düşündüm: “Görən zir-zibilin içində neyləyir, bu adam dəli olub?”… Çox keçmədi, yağış yağanda ortaya çıxan balaca göbələklər kimi haradansa başqa məhəllələrdən də bir yığın uşaq peyda oldu, əllərini əllərinə vurub başladılar qocaya gülüb ələ salmağa…

Dəyəsən, bu hadisə bircə məni əyləndirə bilməmişdi, “komik” deyildi… “Görən acdır? Yəni doğrudan da bu üfunətin içində yemək axtarır? Yazıq…” …deyə ağlımdan bir sıra suallar keçirdi…

Bir xeyli yeşiklərin içindəkiləri töküb-dağıtdıqdan sonra axır ki, o çirkabın içindən çıxdı, bu dəfə də yerdə oturan qoca başını aşağı salıb “ yoxdur” deyərək ağlamağa başladı, onun bu hərəkəti bayaqdan gülən uşaqları elə çaşdırmışdı ki, elə bil qurbağa gölünə daş atılmışdı, hamı susmuşdu… Qoca kiminsə “Nə yoxdur?” sualına “Oğlum yoxdur, burda da yoxdur, heç yerdə yoxdur!”… cavabını verəndə mən artıq burnumu tutmamışdım, əlimlə “yazıq qoca” deyib göz yaşımı silirdim…

Sonradan öyrəndik ki, müharibədə oğlunu itirən ata havalanıbmış, bu “üzümüzdən iraq olsun” dediyimiz hadisə baş verəndən bəri ağlı onu tərk edib hər yerdə bu cür balasını axtarırmış, bəzən öz-özünə gülüb oğlu ilə danışırmış, bəzən də… yəqin ardını eşitmək istəməzsiniz… Bəzi sonluqlar bilinməyəndə daha yaxşıdır… Ümumiyyətlə , bəlkə də, hər şey ona görə var ki, heç nə yoxdur… Nə olursa olsun, ən xırda məqamda belə “ yoxdur” kəliməsi tikan kimi batıb diksindirməyi bacarırsa, bu var olanları xatırlatmaq üçündür, şükür etməyi bacarmağımız üçündür, çünki əlimizdə olanlar əllərində olmayanların xəyalıdır… Gediləcək heç bir yerimiz yoxdursa, qoy olmasın, bəlkə, olduğumuz yer elə olmalı olduğumuzun ən yaxşısıdır? Kim bilir?…bəlkə də…

# 1184 dəfə oxunub

Müəllifin son yazıları

# # #