Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi – Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu?

Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi – Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu?
26 yanvar 2023
# 12:00

Bu gün estrada müğənnisi, Xalq artisti Aygün Kazımovanın ad günüdür. Kulis.az bu münasibətlə onun haqqında on maraqlı faktı təqdim edir.

Aygün Ələsgər qızı Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman “Ozan” qrupunun solisti olaraq səhnəyə çıxır.

***

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilər tibbi yardım göstərir. Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.

***

"İtgin gəlin" serialı üçün yazılan eyni adlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində mahnının oxumaq istəməsə də, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişir.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.

***

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə razılıq verir. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi. Ona görə də Aygün, rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

Meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.

2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu Aygün Kazımovanı depressiyaya salır. Uzun üddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

***

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək “Big Apple Music Awards”dan imtina edib. Buna səbəb isə təşkilatçıların erməni olması idi.

***

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin “S.U.S” mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada əxlaqsız qadın obrazını canlandırmışdı...

# 10763 dəfə oxunub

Müəllifin son yazıları

# # #