"Müharibə olsa, gedən olmayacaq,"- deyənlər - Elnaz Eyvaz

"Müharibə olsa, gedən olmayacaq,"- deyənlər - Elnaz Eyvaz
5 noyabr 2023
# 11:51

Kulis.az Elnaz Eyvazın "Tarixi final" adlı yeni yazısını təqdim edir.

Qarabağ sözünü ilk eşitdiyim anı indiki kimi xatırlayıram: beşinci sinifdə oxuyurdum (1988). O vaxtlar Rusiya telekanalında "Zaman" xəbərlər proqramı vardı. Hərgünkü kimi xəbərləri izləyən atam: "Yenə başladılar... öləndə görərsiniz!", - deyəndə soruşdum ki, ata, nə olub? Dedi, ermənilər yenə Qarabağ söhbətini atıblar ortaya. Dedim, ata, Qarabağ haradır? Dedi, bizim torpağımız...
Qarabağ ordan başladı mənim üçün...

Sonra məlum hadisələr irəlilədi, 20 Yanvarın qanı qurumamış Qarabağ müharibəsi ömrümüzə hakim kəsildi. Nə yeniyetməliyimiz oldu, nə gəncliyimiz, nə cavanlığımız. Gözümüzü yollara dikməklə, qulaqlarımızı xəbərlərə kökləməklə keçdi ömrümüz. Biz müharibə uşaqları deyilik, biz təpədən-dırnağa müharibə adamları, müharibə qurbanlarıyıq. Bəlkə də, dünyanın ən çox sülh sevən, sülh arzulayan xalqıdır Azərbaycan xalqı. Amma canımızı boğazımıza elə yığdılar ki, dünyanın ən çox da müharibə arzulayan, "bir kəlmə əmr versin, gedək döyüşək!"- deyən xalqı olduq. Bizi qanımıza bələnməyə, bayrağımıza bükülməyə, yetim qalmağa, oğulsuz qalmağa, qan ağlamağa məcbur etdilər. Biz nə qışı qış kimi yaşadıq, nə yazı-yaz. Qar yağanda Xocalıda donmuş ayaqları xatırladıq hər qış, yaz gələndə düşmən ayağı altında tapdanan gül-çiçəyi. Toylarda “Yallı” getməyə utandıq, Cıdır düzündə düşmən ”Yallı” dedir deyə...

Qaradağ rayonunda Qarabağ köçkünləri üçün "Ümid" qəsəbəsi salınmışdı. Yolumun üstündə boy-boya vermiş ümidsiz evləri hər görəndə Qarabağla bağlı ümidlərim hərf-hərf, kəlmə-kəlmə ölürdü. Ta ki 2020-ci ilin sentyabrına qədər...

Sentyabrda ölkə rəhbəri efirdən dünyaya səslənib deyəndə ki, torpaqlarımızın bir qarışı düşməndə qalmayacaq. Biz işğalda olan torpaqlarımızı sonuna qədər azad edəcəyik, öz-özümə düşündüm ki, adam sıradan bir siyasətçi deyil ki... Ölkə rəhbəridir. Hər halda, bütün dünyanın gözü qarşısında əminliklə belə deyirsə, söz verirsə, demək ki, 16 yaşımda: "Şuşa azad olsun, qurban kəsəcəm", - deyib götürdüyüm qurbanın kəsilmək vaxtı çatıb. 28 il sonra! “Əziz Şuşa! Sən azadsan!” xəbərini eşidəndə sevincimdən qırşırmağa, ağlamağa, gülməyə, hamını bağrıma basmağa hazır olduğum anda yerimdən tərpənməyə taqətim olmadı. Atama zəng edib: “Qurbanımı al, qəbul oldu!” – deyə bildim ancaq. Həyatımda ilk dəfə sevincin şokunu yaşadım.

Qarabağı görüb gələnlərin sayı azalır, insanlar vətən həsrətilə dünyadan köçürdülər. Müharibə olsa, ömründə yurdunu görməyən gənclərdən qəhrəmanlıq gözləməyə dəyərmi şübhəsi edənlərin sayı artırdı. 30 il öncə də, 30 il ərzində də, topa-tüfəngə sinə gərən oğullar vardı, şəhid olanı şəhid oldu, qazisi qazi... bu gün də "Vətən" deyincə gözlərindən od tökülən canavar kimi oğlanlar çıxdı meydana. Şükür! Yenə olsa, yenə çıxacaqlar! Çünki bu xalqın qeyrətlisi qeyrətsizindən, şərəflisi şərəfsizindən, ləyaqətlisi, mərdi namərdindən, satqınından qat-qat çoxdur! "Müharibə olsa, gedən olmayacaq,"- deyənlərə,"müharibə olsun, görərsən, necə oğullar var!"- əminliyimdə yanılmamışdım, bu həqiqətə adım kimi inanırdım!

Mənim üçün Birinci, İkinci Qarabağ müharibəsi yoxdur. Bir Qarabağ müharibəsi var, 30 illik müharibə. Çünki biz bir xalq kimi, bu 30 ildə hey şəhid verdik, heç pozulan atəşkəsləri cavab atəşilə susdurmağa məcbur olduq, hey qəbirlər qazdıq zülümlə böyütdüyümüz oğullarımıza. 44 gün 30 ilin yarımfinalı, 23 saatlıq antiterror əməliyyatı isə final mərhələsidir.

Ömür boyu gözlədiyimiz Zəfər Günü bizim ən müqəddəs, ən ali bayram günümüzdür. Bütün bayramlardan əziz, Vətən övladlarının qanı-canı bahasına qazanılan bayram günü! Yaralı yoldaşını, şəhid qardaşını belə döyüş meydanında buraxmayıb kürəyində qələbəyə doğru daşıyan, yaralnadığını hər kəsdən gizləyib qanı axa-axa son nəfəsinədək döyüşən oğulların gücü hesabına yaşanan Zəfər!
30 il haqqımızın tapdanmasına, hüququmuzun pozulmasına göz yuman, bizi kağız üzərində gözləmə modunda saxlayan Beynəlxalq Təşkilatların haqsızlığı belə cana doymuş bir xalqın, ordunun gücü, rəhbərin siyasəti qarşısında tab gətirə bilmədi. Bütün dünya bir ordunun, bir xalqın necə döyüşməli və necə döyüşməməli olduğuna təkcə şahid olmadı, həm də mat qaldı. “Müharibə necə olmalıdır, necə olmamalıdır”ı gördü. İllərlə torpaq altında cücərib, günün birində qəfil torpağın yaxasını cırıb çıxan tumurcuq kimi çıxdıq bu utancverən illərdən. Biz daha heç kəsin, heç bir xalqın, heç bir dövlətin yanında torpağını erməniyə uduzub danışmağa dili olmayan məğlub xalq, dövlət deyilik. Biz torpağını ailəsindən, anasından, balasından əziz tutub, özünü oda atan, topu-tüfəngi bir yana, mərdliyi, qəhrəmanlığı ilə düşməni lərzəyə salan, Zəfərini dişi-dırnağı, qanı-canı ilə əldə edən, başıdik, alnıaçıq qalib xalq, qalib dövlətik!

İndi daşlardan nisgil dolu baxışlarla boylanan şəhidlərdən utanmadan, sevinə-sevinə gedə bilərik Şəhidlər xiyabanına. “Gözləriniz aydın olsun, uğrunda yaşadığınız torpaq azaddır! Ruhunuz şad olsun! Qanınız yerdə qalmadı!” - deyə bilərik.

200 illik ləkəni alnımızdan silib gələcək nəsillərə üz qarası olmaqdan qurtulduq. Onları da məhv olan bir nəslin çəkdiyi əzab-əziyyətlərə məhkum buraxıb ölmədik! Bu Zəfər Bizim Zəfərdir! Verdiyi sözü tutan rəhbər, "Vur!" əmrini verən komandan, əmrinə tabe olan mərd əsgər və bütün bunların arxasında yumruq kimi birləşən XALQın Zəfəridir! 2023-cü ilin noyabrında qeyd edəcəyimiz Zəfər Günü tərəddüdsüz, qorxusuz, könül açıqlığı ilə qeyd edəcəyimiz, bir ömür gözlədiyimiz gündür. Və indi ləyaqətinə, adına, namusuna sahib çıxan xalq olaraq, deyə bilərik: "Yaşasın xalq, rəhbər, ordu, gözün aydın olsun, Vətən!" Uğrunda minlərlə şəhid verdik, şəhidlərimizin sayı qədər artdıq, yaralandıq, şəhid olduq, amma ölmədik. Azadlığın uğrunda zərrə qədər xidməti olan hər kəsə haqqın halal olsun.

P.S. Bu köşəm adi vətəndaş, yazar, ana qələmindən çıxmayıb. 24 ildir ki, özünü Vətən üçün insan yetişdirməyə borclu bilən, xidmətdə olan müəllim yazısıdır bu yazı. Gözlərimin önündə, ovcumun içində böyüyən şagirdlərim əsgər olub Vətənin keşiyində durdu. Onları yetişdirmək üçün çəkdiyim zəhmət hədər getmədi. Biz şagirdlərimizə kiminsə uşağı kimi yox, Vətənin övladı kimi yanaşdıqca, verdiyimiz qurbanların yeri boş qalmayacaq. Biz balalarımızı düşmənə nifrətlə yox, Vətənə sevgi ilə yetişdirdikcə Yurduna uzanan əl qardaşının əli olsa belə, o əli kəsəcəklər!

Bakupost

# 935 dəfə oxunub

Müəllifin son yazıları

# # #