Qazax Dövlət Dram Teatrının səhnəsində bu dəfə Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki - bizimki!" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Kulis.az xəbər verir ki, teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir.
Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada obrazları əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.
Dünyagörüşü fərqli olan iki insanın dialoqu, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, qovuşmaq arzuları üzərində qurulan səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
"Bir, iki- bizimki!"nin premyersını izləyənlər arasında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dillər Universiteti Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri, Akademik Muxtar İmanov və Magistratura şöbəsinin müdiri, Pedaqogika elmləri doktoru, dosent Firuzə Rzayeva və paytaxt Bakıdan təşrif buyurmuş digər qonaqlar, eləcə də yerli idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları yer alıblar.
Sonda teatrın kollektivi adından özəl hazırlanmış hədiyyə müəllifə çatdırılması üçün Azərbaycan Dillər Universitetinin akademiki Muxtar Kazımova təqdim edilib.