Monteskyenin hakimiyyət bölgüsü və insan hüquqları - Vahid Ömərov

Monteskyenin hakimiyyət bölgüsü və insan hüquqları - Vahid Ömərov
18 yanvar 2024
# 14:30

Bu gün görkəmli fransız filosof, yazıçı Şarl Lui Monteskyönün doğum günüdür.

Kulis.az Vahid Ömərovun "Şarl Lui Monteskyenin hakimiyyət bölgüsü və insan hüquqları" yazısını təqdim edir.

"Hakimiyyət bölgüsü" nəzəriyyəsi aparıcı siyasi doktrina və burjua konstituonizm prinsiplərindən biridir. Onun genezisi 17-ci əsrdə İngiltərədə burjua siyasi-hüquqi nəzəriyyəsinin yaranması ilə əlaqədardır. Başlıca olaraq, Con Lokkun adı ilə bağlıdır. Lakin onun təliminə görə, ictimai müqavilə əsasında yaradılan dövlətdə hakimiyyətlərin bir-birinə tabeçiliyi əsasdır.

Z.Həbibbəyli və İ.Cəlilbəyli yazırlar: ''Qanunverici hakimiyyət zərurətə görə daha ali olmalıdır. Qalan hakimiyyətlər isə ayrı-ayrı cəmiyyət üzvlərinin simasında çıxış edərək ona tabe olmalıdır. Bu nəzəriyyənin klassik formulası Monteskyenin əsərlərində öz əksini tapıb. Onun məqsədi vətəndaşların hakimiyyətindən sui-istifadə və özbaşınalıqdan mühafizəsinə təminat vermək və siyasi müstəqilliyi təmin etməkdir.

"Qanunların ruha" kitabının 11 və 12-ci bölmələrində, o, xüsusi olaraq, siyasi azadlıqlar məsələsinə toxunur, özünün və Fransa mütləqiyyətinin yenidən qurulmasının konstitusion proyektini (layihəsini) formulə edir.

"Siyasi azadlıq" deyəndə, Monteskye qanunla qadağan olunmayan hər şeyi etmək hüququnu nəzərdə tutur. Siyasi azadlığın hüquq və onun real həyata keçirilməsi ilə bağlı Şarl-Lui Monteskye qeyd edir ki, burada o, vətəndaşa qarşı münasibətdə xarakterizə edilərək, vətəndaşın təhlükəsizliyi kimi çıxış edir və dövlətdə ədalətsiz cinayət hüququnun hərəkətlərini müəyyən edir.

Bəşəriyyət üçün daha vacib cinayət işləri üzrə məhkəmə fəaliyyətini üstün tutması ən yaxşı qaydalar haqqında məlumatdır. Belə məlumatlar artıq bəzi ölkələr tərəfindən qəbul edilmişdir, digər dövlətlər də bunu qəbul etməlidir.

Cinayət və cəzanın prinsipinə riayət etmək də vacibdir. Monteskyenin konsepsiyasına görə, azadlıq o yerdə təmin olunur ki, orada cinayət hüququnu insanın təbiəti ilə əlaqələndirərək, cəza tətbiq olunur. Yəni cəza hakimlərin istəyi və özbaşınalığı ilə müəyyənləşməyəcək, insanın insan üzərində zorakılığı olmayacaq. Bundan başqa, azadlıqların təminatı üçün bəzi məhkəmə formallığı (prosessual və formalar) o dərəcədə olmalıdır ki, qanunun realizə edilməsi məqsədinə xidmət etsin.

Hüququn aliliyi, Monteskyeyə görə, ancaq hakimiyyətlərin bölünməsi ilə mümkündür və onlar bir-birini qanunsuzluqdan çəkindirməməlidir.

Hakimiyyətlərin bölgüsü Monteskyedə hüquqla yanaşı, idarəçilik formalarını fərqləndirən kriteriyaya çevrilir. Nisbi idarəçilik olan dövlətlərin konstitusiyasında hakimiyyət bölgüsü müəyyən dərəcədə var. Despotik dövlətlərdə bu, yoxdur.

Monteskye dövlətdə hakimiyyətin həyata keçirilməsi prosesində əməyin bölünməsi prinsiplərindən çıxış edir. Hər bir dövlətdə üç növ hakimiyyət var:

1. Qanunverici hakimiyyət.

2. Beynəlxalq və daxili hüquq məsələsinə baxan icra hakimiyyəti.

3. Vətəndaş hüququ məsələlərinə baxan məhkəmə hakimiyyəti.

Monteskyenin müasiri olan dövlətlərin siyasi təcrübələrində hakimiyyətin belə bölgüsü aydın məsələdir. Bunu başa düşən Monteskye, ilk növbədə, onu dövlət konstitusiyasının məqsədləri ilə bağlayırdı.

Ş.L.Monteskyenin konstitusiya layihəsinə görə, qanunverici hakimiyyət "Dövlətin ümumi idarəçiliyinin ifadəsidir". Onun məqsədi, vəzifəsi hüququ aşkar edib, bütün vətəndaşlar üçün zəruri olan müsbət dövlət qanunları şəklində formalaşdırmaqdır. Ən yaxşısı isə Montesykeyə görə, qanunverici hakimiyyətin bütün xalqa mənsub olmasıdır.

Azad icraedici hakimiyyət qanunvericilikdə müəyyən edilmiş şəkildə qanunların icrası məqsədini yerinə yetirmək üçündür. Bu baxımdan, Monteskye göstərir ki, o öz təbiəti etibarilə məhduddur. Bu hakimiyyət, əsasən, monarxa (prezidentə) məxsusdur (bizdəki kimi). Çünki idarəçiliyin bu tərəfi həmişə cəldliyi tələb edir və bu baxımdan, o, bir nəfər tərəfindən çoxluğa nisbətən daha yaxşı yerinə yetirilir.

İcra hakimiyyətini başqa şəxslər də həyata keçirə bilər. Lakin onun qanunverici orqanının üzvü olmalıdır, əks halda, bu, azadlığın itirilməsinə gətirib çıxarar. Məhkəmə hakimiyyəti cinayətkarları və qalan 2 hakimiyyət dövlətin ümumi işlərini idarə edir. Bu baxımdan, vətəndaşın azadlığı və təhlükəsizliyi, hər şeydən əvvəl, məhkəmə hakimiyyətinin dəqiq işləməsindən asılıdır.

Monteskye məhkəmə hakimiyyətinin, məhkəmə səlahiyyətlərini yerinə yetirmək üçün onun vaxtaşırı çağırılan xalq nümayəndələrinə verilməsini təklif edirdi. Axırıncılarsa, öz növbələrində, var-dövlət və ad-san ilə bağlı olmaları ilə məhdudlaşırdı. Hakimlərin vəzifələri hökmü qanunlar çərçivəsində çıxarmaq, hakimiyyətlərin vəzifələri isə onların dəqiq yerinə yetirilməsinə nail olmaqdır.

Monteskyeyə görə, məhkəmə hakimiyyəti bizim başa düşdüyümüz mənadakı məhkəmə hakimiyyəti formasında deyildir. Buna görə də onun layihəsində bu hakimiyyətin digər hakimiyyətlərdən məhdudlaşdırılması və çəkindirməsi yoxdur. Bundan fərqli olaraq, qanunverici və icraedici hakimiyyət hüquqi xarakter daşısa da, öz vəzifəsindən sui-istifadəyə, özbaşınalığa yol vermə halları ola bilər ki, bu da vətəndaşların azadlığının və təhlükəsizliyinin ləğv edilməsinə gətirib çıxarır. Belə hallardan qaçmaq üçün onlar nəinki bölünməli, hətta bir-birinin qərarlarını dayandırmaq və dəyişdirmək hüququ ilə təmin edilməlidirlər.

Qanunverici və icraedici hakimiyyətin təsiri hüququn real təminatını təmin edir. Monteskye bununla XVIII əsr Fransanın toqquşan sosial qüvvələrini kompromis konstitusiya vasitəsilə ali hakimiyyəti onlar arasında bölərək, barışdırman istəyir. Onun nəzəriyyəsinə əsasən, hər sosial qüvvə onun mənafeyini ifadə edən hakimiyyətin bir hissəsinə malik olan hüquqi təşkilatdır.

Nümayəndələr iclası xalqın maraqlarını ifadə etməli, qanunverici korpus-aristokratiyanın, icraedici hakimiyyət isə monarxın (prezidentin) maraqlarını ifadə edir. Onların hamısı uyğun orqanların simasında müxtəlif səlahiyyətlərlə təmin edilir. Bu səlahiyyətlərin tətbiqi qarşılıqlı surətdə razılaşdırılmış və hər təbəqənin mənafeyinin dövlət idarəsinə çevrilməsini istisna etməlidir.

Qanunverici iclas (parlament) təkcə qanun vermir, həm də hökmdar və onun nazirləri tərəfindən qanunun icra olunmasına nəzarət edir. Qanunlar pozduğuna görə, nazir qanunverici iclas tərəfindən məsuliyyətə cəlb edilə bilər. Öz növbəsində, monarxın simasında icra hakimiyyəti qanunverici hakimiyyəti özbaşınalıqdan çəkindirir. Belə ki, qanunverici iclasın qərarlarına "veto" qoymaq hüququna malik olaraq iş reqlamentini müəyyən edir, iclası buraxır.

Monarxın şəxsiyyəti müqəddəs olur. Sözsüz, hakimiyyətlərin bir-birini çəkindirmə səlahiyyətinə malik olması durğunluğa gətirə bilərdi. Lakin həyatın axarı onları hərəkət etməyə məcbur edəndə, onlar razılıq şəklində fəaliyyət göstərməyə məcbur olacaqlar.

Monteskyeyə görə, qarşılıqlı fəaliyyətin harmoniyası qanunların aliliyi ilə təmin edilir. Hakimiyyətlərin bölüşdürüldüyünü dövlətin özü öz funksiyalarını hüquqi formada realizə edir. Bu baxımdan, Monteskyenin hüquqi dövlət nəzəriyyəsinin sələflərindən hesab etmək olar. Monteskyenin "Konstitusiya layihəsində" möhkəmləndirilən qanunun hüququn aliliyi prinsipi hakimiyyətin bərabər səviyyədə olmasından getmir. Qanunverici hakimiyyət başlıca rol oynayır. O, qanunları yaradır, dövlət və hüququn ümumi iradəsini ifadə edir, qalan 2 hakimiyyət isə onu realizə edir, qanunları icra edir. Onların fəaliyyəti qanunaltı xarakter daşıyır.

Xalqın mənafeyini ifadə edən qanunverici hakimiyyət icra hakimiyyətindən üstündür. Məhkəmə hakimiyyəti də xalq nümayəndələrinə verilir.

Beləliklə, onun "Konstitusiya layihəsi" yaranan burjuaziyanın böyük xalq kütləsi ilə bir və onun kimi hüquqsuz olan burjuaziyanın mənafelərini icra edirdi.

Bu baxımdan, alimlərin o fikri ilə razılaşmaq olmaz ki, (xüsusilə, keçmiş SSRİ alimlərinin) guya Monteskye aristokratik liberalizm nümayəndəsi kimi mütləq monarxiyaya qarşı feodal müxalifətinin mənafeyini ifadə edirdi.

Fransa mütləq monarxiyasının rəsmi ideologiyası bu nəzəriyyənin əsas cəhətlərini tənqid edərək, "Qanunların ruhu" kitabını öz dövründə qadağan etmişdir.

# 1002 dəfə oxunub

Müəllifin son yazıları

# # #