Mirmehdi Ağaoğlunun yeni kitabı təqdim olundu

Mirmehdi Ağaoğlu, yazar

Mirmehdi Ağaoğlu, yazar

10 noyabr 2021
# 20:17

Bu gün yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Arzu Nağıyev, Qüdrət Həsənquliyev, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak edib.

APA Group”un baş direktoru Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin ildönümü qeyd olunur: “Torpaqlar azad olunandan sonra mediada sanki bir yarış vardı ki, Müzəffər Ordumuzdan sonra o torpaqlara ilk səfərləri kim edəcək, o torpaqlara ilk kim ayaq basacaq, oradan təəssüratlarını necə yazacaq. Müharibə bitəndən sonra Azərbaycan azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq qurumlara müraciət etdi. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin ermənilər tərəfindən hansı vəziyyətə salınması, hansı vəhşiliklərə məruz qalması ilə bağlı monitorinqlərin aparılması idi. Lakin bilirsiniz ki, onlar bu günə qədər də bu ərazilərə gəlməyiblər. Həmin vaxt biz qərara gəldik ki, abidələrimizə qarşı baş verən vandallıqları ayrıca araşdıraq. Bilirdik ki, o ərazilərə səfər etmək təhlükəlidir, xüsusən mina təhlükəsi vardı. Buna baxmayaraq, bu missiyanı yerinə yetirə bildik. Mirmehdi kitabı hazırlayanda qərara gəldik ki, onu şəhidlərimizin, o cümlədən şəhid həmkarlarımız Sirac Abışovla Məhərrəm İbrahimovun xatirəsinə həsr edək. Bu yazıların çox yaxşı bir tərəfi var ki, onlar APA informasiya agentliyində rus və ingilis dillərində də yayımlanıb. Biz çalışacağıq ki, gələcəkdə də bu missiyanı davam etdirək”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Zəfərin izi ilə” kitabı əhəmiyyətlidir.

Sabir Rüstəmxanlı deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bu cür kitabların yazılması çox mühüm əhəmiyyət kəsb edir: “Kitab çox ciddi bir kitabdır və çox ciddi bir prosesin başlanğıcıdır. Mirmehdi bizim istedadlı qələm sahiblərindən biridir. Hələ çox kitablar yazılacaq. Mən kitabla tanış olanda onun necə riskli bir yol keçdiyini gördüm”.

Tədbirdə şəhid Sirac Abışovun qardaşı Şirzad Abışov da çıxış edib.

Mirmehdi Ağaoğlu yazıları hazırlayarkən üzləşdiyi çətinliklərdən danışıb. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Azad olunmuş torpaqlara qayıtmağımızın səbəbkarı şəhidlərimiz, qazilərimizdir. Məhz buna görə də kitabı onlara həsr etmişik. Azad edilmiş ərazilərdə bizim üçün ən böyük təhlükə mina təhlükəsi idi. Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmənin vəhşilikləri nəticəsində tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər”.

Qeyd edək ki, kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

# # #