“Milli klassika”nın qalibləri məlum olacaq

“Milli klassika”nın qalibləri məlum olacaq
16 dekabr 2022
# 11:20

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə keçirilən “Milli klassika” festivalı davam edir.

Kulis.az xəbər verir ki, festivalda 11-i dövlət teatrından olmaqla, ümumilikdə 13 səhnə əsərinin nümayişi nəzərdə tutulub.

Dekabrın 14-də proqrama uyğun olaraq, Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Məlikməmməd” tamaşası (rejissor Anar Məmmədov) göstərilib.

Həmin gün AXTİ-nin əsas səhnəsində Lənkəran Dövlət Dram Teatrının “Casus” (müəllif Kamal Abdulla, rejissor Anar Babalı) tamaşası müsabiqədənkənar nümayiş olunub.

Dekabrın 15-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələrinin iştirak etdiyi tamaşalar – M.F.Axundzadənin əsərləri əsasında “Şeytan müsafirləri” (kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə) və S.S. Axundovun “Tamahkar”ı (kurs rəhbəri Xalq artisti Məmmədsəfa Qasımov) təqdim olunub. Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən M.F.Axundzadənin “Hacı Qara” komediyası da festivalda nümayiş olunan səhnə əsərlərinin sırasındadır. Əsasən gənclərdən ibarət aktyor heyəti olan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudin Məhərrəmovdur.

Qeyd edək ki, festivala bu gün yekun vurulacaq. Dekabrın 10-dan başlayan festival ittifaqın 125 illiyinə həsr olunub. Məqsəd yaradıcılıq prosesinə dəstək olmaq, teatrların mübadiləsini təmin etmək və klassik səhnə nümunələrinə geniş meydan verməkdir.

Festivalın münsiflər heyəti üç nominasiyada qalibləri müəyyən edəcək.

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #