Milli Kitabxana “Əli Tudə - 100” adlı virtual sərgi hazırlayıb

Milli Kitabxana “Əli Tudə - 100”  adlı virtual sərgi hazırlayıb
29 yanvar 2024
# 15:10

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tanınmış şair, ictimai xadim Əli Tudənin 100 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

Kulis.az xəbər verir ki, “Əli Tudə - 100” adlı virtual sərgidə dövri mətbuat səhifələrində tanınmış şair barədə dərc olunan məqalələr, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Tude_100/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən şair nənəsinin himayəsində böyüyüb. 13 yaşı olanda Əlinin şeirləri qəzetlərdə çap olunub. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur.

1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır. Şair milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyirdi.

Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb. O, “Öz gözlərimlə” kitabında yazıb: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi”.

Mənim qibləm Vətəndir - deyən şair ayrılığın həsrətini köksündə gəzdirib və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qalıb. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

# 670 dəfə oxunub

Müəllifin son yazıları

# # #