Mey gətir – söz daşı mənə - Şaiq Vəli

Mey gətir – söz daşı mənə - Şaiq Vəli
12 avqust 2024
# 16:55

Kulis.az Şaiq Vəlinin "Meyxanəçi" şeirini təqdim edir.

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, meyxanəçi!

Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, meyxanəçi!

Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, meyxanəçi!

Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, meyxanəçi!

Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, meyxanəçi!

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım?
Puç, puç, meyxanəçi!

# 1258 dəfə oxunub

Müəllifin son yazıları

# # #