Metyu Perri işi: İkinci həkimə də cəza verildi

Metyu Perri işi: İkinci həkimə də cəza verildi
18 dekabr 2025
# 11:55

“Friends” serialında canlandırdığı Çandler Binq obrazı ilə dünya şöhrəti qazanan aktyor Metyu Perri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evinin jakuzisində ölü tapılmışdı. 54 yaşlı aktyorun ölüm səbəbi rəsmi olaraq “ketaminin kəskin təsiri” kimi açıqlanmışdı.

Perrinin şübhəli ölümü ilə bağlı aparılan istintaqda yeni mərhələyə keçilib. İş üzrə iki həkim, aktyorun şəxsi köməkçisi və daha iki nəfər daxil olmaqla ümumilikdə beş nəfər saxlanılıb.

Kulis.az xəbər verir ki, sənəddə adı keçən ikinci həkim – Mark Çaves barəsində də qərar verilib.

Məhkəmə Çavesi Perriyə qanunsuz ketamin tədarükündə günahkar bilərək onu 8 ay ev dustaqlığına və 3 il şərti nəzarətə məhkum edib. Beləliklə, Çaves Perrinin ölümü ilə bağlı cəza alan ikinci şəxs olub.

İstintaq materiallarına görə, Mark Çaves ketamini bir topdansatışçıdan saxta reseptlə əldə edərək aktyorun həkimi Salvador Plasensiyaya satdığını etiraf edib.

Məhkəmədə çıxışı zamanı yaxın vaxtlarda ailə üzvünü itirdiyini deyən Çaves Perrinin ölümünün yaratdığı ağrını anladığını bildirib.

İş üzrə ittiham olunan və günahlarını qəbul edən digər üç nəfərin – o cümlədən aktyorun köməkçisi və “Ketamin kraliçası” ləqəbi ilə tanınan narkotik satıcısı Casmin Senqhanın cəzalarının isə yaxın aylarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, məhkəmədə ilk hökm bir müddət əvvəl çıxarılmışdı. Dörd ağır maddə üzrə təqsirli bilinən həkim Salvador Plasensiya Metyu Perriyə qanunsuz şəkildə ketamin təmin etdiyinə görə 30 ay həbs cəzası almışdı.

Xatırladaq ki, Metyu Perri depressiya müalicəsi məqsədilə ketamini qanuni şəkildə qəbul edirdi. Lakin bir müddət sonra ona təyin olunan dozadan daha artığını axtarmağa başlaması bu faciənin əsasını qoyub.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər