Mən tələsmirəm - Səməd Vurğun

Mən tələsmirəm - Səməd Vurğun
2 may 2024
# 17:30

Kulis.az Səməd Vurğunun "Mən tələsmirəm" şeirini təqdim edir.

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

***

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

***

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #