MEMİM-in “Mədəni irsini qoru” layihəsi Qobustandan başlayıb

MEMİM-in “Mədəni irsini qoru” layihəsi Qobustandan başlayıb
4 noyabr 2024
# 15:54

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində 2 noyabr 2024-cü il tarixində Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub.

Kulis.az xəbər verir ki, layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaqdan ibarətdir.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən infotur zamanı layihə iştirakçıları üçün həmçinin maarifləndirici seminar da təşkil olunub. İqlim dəyişikliyinin tarixi abidələrə təsiri, iqlim dəyişikliyinə təsir edən çirkləndirici tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzular ətrafında çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları gəncləri maraqlandıran sualları da cavablandırıblar.

Daha sonra Qoruğun açıq ərazisinə və muzeyə maraqlı ekskursiya təşkil olunmuş, Qoruq əməkdaşları və AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov tərəfindən maarifləndirici məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Layihə çərçivəsində seminar və təqdimatların həmçinin bu kimi infoturların davamlı təşkili nəzərdə tutulub.

# 544 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #