Meloni Makrona niyə göz süzdürdü? - Replika

Meloni Makrona niyə göz süzdürdü? - Replika
20 iyun 2025
# 17:56

Bugünlərdə G7 liderlərinin sammitində Fransa Prezidenti Emanuel Makronla İtaliyanın Baş naziri Corcia Meloni arasında yaşanan maraqlı anlar sosial şəbəkələrdə geniş marağa səbəb olub. Fransa Prezidentinin Meloniyə pıçıldayaraq nəsə deməsinə İtaliyanın Baş naziri göz süzdürüb. Bir neçə saniyəlik səssiz, jestikulyativ reaksiya müasir siyasətin zərif ifadəsi kimi yadda qalıb.

Bu bir neçə saniyəlik videonu izləyərkən düşündüm ki, ütülü kostyumlarda, tünd rəngli qalstuklarla dünyanın taleyini müzakirə edən güclü kişiləri bir qadının rəsmi protokola daxil olmayan səssiz-sözsüz göz süzdürməsi də məğlub edə bilər.

Makron ona nə isə deyir, bəlkə də, kompliment söyləyir. Amma Meloni sadəcə göz hərəkəti ilə onu neytrallaşdırır. Sanki demək istəyir: "Mən İtaliya dövlətini təmsil edirəm, Paris bələdiyyəsini yox..."

Həmişəki kimi özünü naqolay duruma salan, bir az fransız... Makronun dedikləri kameraya düşmədi, amma Meloninin baxışını dünya müzakirə edir... O, susmaq lazım olan yerdə də sifət ifadəsi ilə danışa bilib. “Nə dediyini heç özün bilirsən?..” baxışı ilə həm başa salır, həm yerini göstərir, həm də zərif mesaj ötürür. Bu cür susaraq “danışmaq” yumşaq qadın(lıq) gücüdür. Yəni nə gülür, nə inciyir, nə də qışqırır. Özünü sındırmadan, protokolu pozmadan, amma qarşısındakına yerini dəqiq göstərərək sadəcə baxır. Və adekvat kişi o baxışdan anlayır ki, çoxdan səhv yoldadır...

Çünki qadın – harada olursa olsun – siyasətdə də, bazarda da, toyda da, beynəlxalq sammitdə də qadındır. Baxışıyla həqiqəti oxuyar, göz süzdürməsiylə diplomatik tənqidini də çatdırar, amma bunu elə zərif edər ki, həm heyran edər, həm utandırar.

Bəzən bir qadın baxışı beynəlxalq bəyanatdan daha çox təsir edir...

# 290 dəfə oxunub

Müəllifin son yazıları

# # #