Məlahət, Zirəddin, Yeganə - Azərbaycanın ən məşhur baxıcıları nələr söylədi?

Məlahət, Zirəddin, Yeganə - Azərbaycanın ən məşhur baxıcıları nələr söylədi?
22 mart 2022
# 17:00

İnsanlar hər zaman gələcək haqqında, taleləri barədə məlumat öyrənməyə, həyatlarının sonrakı mərhələsinin nədən və necə olacağını bilməyə can atır. Bu səbəbdən də hələ qədim dövrlərdən gələcək barədə xəbərlər verən insanlar mövcud olmuşdur. Azərbaycanda bu cür insanlar kifayət qədər olub, bu gün də vardır.

Kulis.az Azərbaycanda öz proqnozları ilə məşhurlaşan beş məşhur baxıcı haqqında maraqlı məlumatları təqdim edir.

Nəzərova Məlahət Möhsüm qızı 23 dekabr 1948-ci ildə Qazax rayonunun Yenikənd kəndində, indiki Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub.

Hazırda ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan Məlahət Nəzərova keçmiş SSRİ məkanında və yaxın coğrafiyada ən güclü ekstrasenslərdən biri sayılır. Onun adı Vanqa, Messinq, Cuna, Çumak kimi ünlü öncəgörənlərlə bərabər çəkilir. O, vaxtilə SSRİ-nin dağılmasını, Dağlıq Qarabağ münaqişəsinin gedişatını, Azərbaycanda və dünyada baş vermiş bir sıra siyasi prosesləri öncədən proqnozlaşdırması ilə hər kəsin yaddaşında qalıb. Bundan başqa onun təxminən 10 il öncə dünyanı gözləyən qlobal problemlər, müharibələr, iqtisadi böhranlar, o sıradan ABŞ-ın İraqa hücumu, xristian-müsəlman dünyasında ciddi qarşıdurmalar haqda proqnozları keçmiş SSRİ məkanında ciddi marağa səbəb olmuş, Rusiyalı iş adamı, oliqarx Anatoli Çubaysa təşkil olunmuş sui-qəsdi ona zəng edərək öncədən xəbərdar etməsi Rusiya kanallarında dəfələrlə yayımlanmışdır.

Uzun müddət Rusiyada yaşayan ekstrasensin səhhətində ciddi problemlər yarandığı iddia edilir. Hələlik ekstrasensin ailəsi bu haqda susur. Davamlı cəhdlərə baxmayaraq, ailə hətta etibar etdikləri insanlara belə bununla bağlı heç bir informasiya verməyib.

Baxıcının ən son öncəgörümü yadplanetlilərlə bağlı olub:

“Dünya dağılmayacaq, ancaq yadplanetlilərlə görüş baş tutacaq”.

***

Etibar Əfrasiyab oğlu Məmmədəliyev 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A.Spirkinin kursuna daxil olub.

E.Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib.

Əsas hədəfi insanların kamilləşməsi, milli-mənəvi dəyərlərin qorunması olub. Etibar Erkin 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.

***

Dadaşov Tofiq Həsən oğlu 1947-ci il aprelin 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini qiyabi bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə işə qəbul edilib. 1969-cu ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif proqramı ilə psixoloji təcrübələr aparıb.

1973-cü ildə SSRİ Elmlər Akademiyası nümayəndələri tərkibində "Birinci beynəlxalq psixotronik problemlərin araşdırılması konfransı”na dəvət olunub. İlk dəfə idi ki, beynəlxalq səviyyədə uzaq məsafədən telepatiya təcrübəsi keçirilirdi. T.Dadaşovla təcrübəni iki məşhur tədqiqatçı, dünyanın müxtəlif ölkələrinin 300-dən çox aliminin gözü qarşısında aparılırdı. Onlardan biri – o zamanlar E.Huverin (FTB) elmi işlər üzrə koməkçisi olmuş, yalanaçan detektorunun yaradıcısı K.Bakster idi. Konfransda Xarici alimlər T.Dadaşovun psixoloji bacarığını çox yüksək qiymətləndirdilər, onu dünyanın güclü kimi təsdiq etdilər ki, bu da dünya mətbuatında geniş əks-səda doğurdu.

Tofiq Dadaşov yüksək mükafatlara və adlara, o cümlədən sərnişin təyyarəsinin qaçırılmasının qarşısının uğurla alınması, sərnişinlərin təhlükəsizliyinin təmin olunması və cinayətkarların tərksilah edilməsinə görə 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanına layiq görülüb.

Tofiq Dadaşov 1988-ci ildə Bakı şəhərində əhaliyə kömək məqsədilə “PSİ-ЭKS” məsləhət mərkəzini yaratmışdır. 2000-ci ildən Moskvada yaşayan Tofiq Dadaşov müxtəlif hökumətlərin başçılarının və DTK-a generalların rəsmi təltifləri və təşəkkürləri xüsusi yer tutur. O, xarici ölkələrin kəşfiyyatçılarını aşkar etmiş, terrorçuların zərərsizləşdirilməsinə kömək göstərmiş, şahmatçıların yarışlarının nəticələrinə təsir göstərmiş, siyasi məsələlərlə məşğul olmuş, eləcə də Monna Lizanın müəmmalı gülüşünün sirrini açmışdır.

***

Zirəddin Telman oğlu Rzayev 10 noyabr 1981-ci ildə Şəmkirdə anadan olub. Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi çoxsaylı müsahibələrində həmişə ilk olaraq oxşar hadisəni danışır. Qeyd edir ki, hələ bətndə ikən, anası yuxuda Şəmkirin məşhur kəramət sahibi Seyid Əkbəri görüb. Nəcib seyid, anasına deyir, bəs ərin Telman evdədi? “Yox!” eşidincə, deyir, ona çatdırarsan, Zirəddinin kirvəsi gəlmişdi.

2008-ci ilin baharı, Moskva şəhərində “TNT” telekanalında yayımlanan “Ekstrasenslərin döyüşü” tok-şousunda iştirak edən sakit təbiətli, mülayim baxışlı Zirəddin yarışın 3-cü mərhələsindən sonra ildırım sürəti ilə irəli sıçrayıb digərlərini xeyli geridə buraxır. O, 4-cü seriyada sübut edir ki, Yaroslavl şəhərindəki dörd yeniyetmənin qətli yerli satanistlərin əməlidir. 11-ci seriyada, kürəyi ekrana tərəf otuzdurulan Zirəddin Rzayev, yenə də digərlərini bütün şanslardan məhrum edir. Son nəticədə səsvermə, Aleksandr Litvinə 31 min səs bəxş edir, Zirəddinə 17 min.

Ekstrasens hazırda Moskvada yaşayır. Evli və üç uç uşaq atası olan Zirəddin Moskvada yaşayır. Orada şəxsi it damında Türkiyədən gətirilmiş “Qanqal” cins köpəklərini yetişdirir. Küçükləri 10 min dollardan aşağı satılmır. Bəzən dəfələrlə baha qiymətə satılır hətta. Həmin it damında küçüklər deyilənə görə 40 gün qatı zülmət içində saxlanılır. Rəsmi Ankara “Aksaray köpəkləri” məsələsində hədsiz qısqancdı. Bir köpəkoğluna indiyədək icazə verməyib bu it xılını Türkiyədən kənara çıxartsın. Zirəddin bu oyunda istisnadır.

***

Bakının Maştağa kəndində anadan olan baxıcı Yeganə Zeynalova vəzifəli şəxslə ailəli olsa da, övladları doğulandan sonra özündə qeyri-adi güclər hiss edir. O, bu səbəbdən bir müddət ruhi əsəb dispanserində müalicə alır. Uzun illər baxıcılıqla məşğul olan Yeganə Zeynalova konkret proqnozları ilə tanınmasa da, el arasında cin və cadu çıxaran biri kimi tanınır. O, 2019-cu ildə verdiyi müsahibələrinin birində deyir:

“Əgər hər şey qaydasında olsun istəyirlərsə, düz işləsinlər. Falçıya, caduya getməsinlər. Onlar caduya müraciət edərək işlərini daha da çətinliyə salırlar. Bir dəfə işləri üçün yanıma türk bir xanım gəlmişdi, amma mən qəbul etmədim. Mən artıq 5 ildir ki, bu işlə məşğul olmuram”.

# 47181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #