Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Mehriban Zəki illərlə səhnədən uzaq qalmasının səbəbini açıqlayıb.
Kulis.az xəbər verir ki, aktrisa bu barədə ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində danışıb:
“Bundan əvvəlki dövrdə 7 il müddətində “AzDrama”da səhnəyə çıxmadım. Var olan hər bir şeyi qanuni olaraq qəbul etmişəm. Heç vaxt bunu neqativ, pislik kimi qəbul etməmişəm. Pislik olan o idi ki, ömrümdən 7 il getdi. Yəqin ki, belə lazım idi. Sadəcə Azər müəllim onda Rus Dram Teatrında tamaşa oynadığım üçün məni cəzalandırdı. 7 il… Məni qəbul etmirdi, mənimlə tamaşa qurmaq istəmirdi. Hətta söhbətlərimizin birində dedi ki, çıx, get Rus Dram Teatrının aktrisası ol! Dedim ki, getməyəcəyəm. Həyat öz axarı ilə gedir, zaman dəyişdi. Allah Azər müəllimə rəhmət etsin”.
7 il sonra səhnəyə qayıtmaq aktrisa üçün üçün bayram idi:
“Mehriban Ələkbərzadə gələndə ilk tamaşa üçün əmri “Sənsiz” oldu. Rejissorluğunu Nihad Qulamzadə öhdəsinə götürdü. Nihadın da, Mehriban xanımın da Sevinc obrazı üçün ilk gördükləri mən oldum. Mən də bunu böyük sevinc və sevgi ilə qəbul etdim. Hər dəfə səhnəyə çıxanda 7 il səhnəsiz qaldığım müddətin həsrətini çıxarıram. O həsrət ki, yaşamışdım, 7 il tamaşasız, səhnəsiz qalmışdım... Səhnəyə qovuşmağım mənim üçün bayramdır. Ona görə səhnəyə çıxanda böyük sevgi ilə çıxıram. Tamaşaçının da böyük sevgi ilə qarşılaması, anşlaq olması mənim üçün böyük sevincdir”.