Məgər bu da Firidun bəyin günahıdır?! - Rafael Hüseynova cavab

Məgər bu da Firidun bəyin günahıdır?! - Rafael Hüseynova cavab
20 dekabr 2024
# 15:00

Kulis.az Aslan Kənanın Rafael Hüseynovun "Erməni qoşununu təkbaşına məğlub edən" məqaləsinə yazdığı cavabı təqdim edir.

Hörmətli Rafael müəllim, sizin "525-ci qəzet"də Xalq artisti Habil Əliyevə həsr olunan məqalənizi (“Erməni qoşununu təkbaşına məğlub edən”) oxudum. Yazıdan aydın olur ki, məqsədiniz ustad sənətkarı üzünüzə tutub köhnə boğçanı töküb-töküşdürməkdir. Məlum olur ki, töküb-töküşdürdüyünüz boğçanın içindən illər uzunu daxilinizdə tüğyan edən köhnə ədavəti xırdalamaq olub. Həmin ədavətinizin ünvanı isə görkəmli musiqişünas, ömrünün 30-40 ilini musiqi tədqiqatına həsr etmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir. Sözüm yoxdur, kişi ədavət saxlayar, lakin yaranmış mübahisəni nə az, nə çox, 30 ildən sonra aydınlaşdırmağın özü də düzgün deyil. Bu mənada, dünyasını dəyişmiş bir musiqi tədqiqatçısı ilə münasibətinizi qabartmağı sizin kimi alim və ictimai xadimə yaraşdırmıram. Mənə elə gəlir ki, Firidun Şuşinski 1983-cü ildə dərc etdirdiyi “Hazır kökə “xəstəsi” məqaləsində sizi uzun-uzadı tənqid etdiyinə görə onun ruhundan əl çəkə bilmirsiniz. Bu nifrətiniz musiqidən xəbərsiz, lakin yalnız ailə ansamblında çalmağa layiq olanlara da sirayət edib.

Məqalənizdə qeyd edirsiniz ki, “bir axşam unudulmaz müğənnimiz Əlibaba Məmmədov mənə zəng vurdu ki, xoşagəlməz bir hadisə baş verib, bir kitab çıxır, o yayılsa, milli musiqimizə ağır həqarət olacaq, söyülməyən, təhqir edilməyən bircə də olsa, tanınmış sənətkarımız qalmayıb, köməyinə ehtiyacımız var...”

“Musiqişünasın düşüncələri” kitabında söyüş, təhqir ifadələri kimi qiymətləndirilənlərə Əməkdar elm xadimi, akademik, xalq yazıçısı Kamal Abdullanın cavabı daha maraqlıdır: “Mən bu kitabda təhqiredici sözə rast gəlmədim. Təhqir sözünün semantikasından çıxış etsək, ilk növbədə onu deməliyik ki, təhqir senzuradan kənarda olan ifadəyə deyilir. Təhqir söyüş deməkdir. Bu kitabda isə ədəbi dil senzurasından kənarda olan heç bir ifadəyə rast gəlmədim. Əgər hər hansı bir müğənni və ya ifaçının sənəti qəribə bənzəmələr assosiasiyası yaradırsa, bu, sadəcə olaraq müəllifin bədii zövqünün səviyyəsini göstərir.

...Azərbaycanın musiqi tarixində adlarını eşidib, haqqında bilmədiyimiz adamlar, onların sənəti, ifa tərzi barədə bu kitabda sistemli şəkildə verilmiş məlumat olduqca gərəklidir. Kitabın ikinci əhəmiyyəti ondan ibarətdir ki, o bizim indiyə qədər alışdığımız trafaretləri sökür və bizi bir çox halda çılpaq həqiqətlərlə üzbəüz qoyur. Müğənnilər haqqında deyilən sözlər peşəkar olmayan musiqisevərlər üçün çox böyük və gözlənilməz kəşflərdir. Biz təəssüf ki, hətta günümüzün bu çağında da subyektiv qiymətlərə o qədər də alışmamışıq. Bizə elə gəlir ki, kiməsə qiymət veririksə, onun bir az yaxşı, bir az pis tərəflərini qeyd etməklə kifayətlənə bilərik. Amma unuduruq ki, əsl həyatda belə olmur. Həyat müxtəlif rənglərin, müxtəlif səciyyələrin qaynayıb-qarışmasından yaranan rəngli televizor kimidir. Subyektiv fikrə hörmət lazımdır”.

Qeyd edim ki, sizdən kömək istənildiyildən sonra 40 il bundan əvvəl haqqınızda yazılan tənqidi məqalə müəllifinə qarşı qəlbinizdə nifrət hissi alovlanmış və əlinizə girəvə düşdüyünü anlayıb, böyük sənətkarlarımızı sakitləşdirmək əvəzinə, onlara bu yolda başçılıq etməyi qərara aldınız.

Yazınıza davam edərək göstərirsiniz ki, “Habil Əliyev, Canəli Əkbərov, Rəhilə Həsənova, Niyaməddin Musayev, Novruz Feyzullayev, Ramiz Quliyev və digərləri Nizami muzeyindəki otağımda toplaşdılar. Artıq siqnal nüsxələri buraxılmış kitabdan birini də tapıb gətirmişdilər. Vərəqlədim, doğrudan da, dəhşət idi. Bu müəllif - uzun illər heç bir musiqi savadı olmadığı halda "Şuşinski" təxəllüsü ilə özünü musiqişünas kimi qələmə vermiş, işi-peşəsi Azərbaycan muğam ifaçılığının ermənilərin üzərində qurulduğunu şüurlara yeritməkdən ibarət olmuş, bütün yazdıqları ortadaykən həqiqi simasından hətta bu gün də çoxlarının dürüstlüyü ilə anlamadığı Firidun Həsənov "Musiqişünasın düşüncələri" adlı irihəcmli kitabını "Gənclik" nəşriyyatı xətti ilə nəşr etdirməyi bacarmışdı...”

Rafael müəllim, F.Şuşinski “Musiqişünasın düşüncələri” kitabında bir erməninin belə adını çəkmədiyi halda onu ermənipərəstlikdə suçlayırsınız.

Qeyd edək ki, F.Şuşinski yeganə musiqi tədqiqatçılardandır ki, onun amalı yalan tərif yox, doğru tənqid idi. Tənqid etdiyi şəxsin kimliyindən asılı olmayaraq, ona qarşı qələmini itiləyərdi. Onun üçün pisi pis, yaxşını yaxşı demək müqəddəs iş idi. Buna görə də, böyük sənətkarlardan tutmuş, sadə muğamsevərlərə qədər hamı onu sevir, uzun müddət Azərbaycan televiziyasında “İfaçılıq sənəti”, radioda “Muğam konserti” rubrikası ilə verilişlərin müəllifi və aparıcısı olmuş, həmçinin, muğamlarımızın tarixi və onun ifaçıları haqqında maraqlı məlumatları dinləməkdən həzz alırdılar.

Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun aşağıdakı fikirləri ilə razılaşmamaq olmur. O yazır: "Fi­­ri­­dun Şu­­şins­­ki, heç şüb­­hə­­siz, ­­əsrin ikin­­ci ya­­rı­­sı Azər­­bay­­can zi­­ya­­lı­­lı­­ğı­­nın klas­­sik nü­­ma­­yən­­də­­lə­­rin­­dən bi­ri­­dir. Onun ya­­ra­­dı­­cı­­lı­­ğı, ümu­­mən dün­­ya­­gö­­rü­­şü, hər şey­­dən əv­­vəl mil­­li tə­­əs­­süb­­keş­­lik ha­­di­­sə­­si ol­­maq­­la öz mən­­bə­­yi­­ni bi­­la­­va­­si­­tə mən­­sub ol­­du­­ğu xal­­qın ide­al­la­rın­dan alır. İs­­tər “Şu­­şa”, “Azər­bay­­can xalq mu­si­qi­çi­­lə­­ri”, “Mu­­si­­qi­­şü­­na­­sın dü­­şün­­cə­­lə­­ri” və s. ki­tab­la­rı, is­­tər ar­­dı­­cıl ola­­raq ra­­dio və te­­le­­vi­­zi­­ya­­da apar­dı­ğı “Mu­­ğam ax­­şa­­mı”, “İfa­­çı­­lıq sə­­nə­­ti” ve­­ri­­liş­­lə­­ri, is­tər­­sə də, uzun il­­lər ər­­zin­­də Azər­­bay­­can xalq mu­­si­­qi­­si ta­ri­­xi­­nə aid top­­la­­dı­­ğı (və bü­­töv bir mu­­zey təş­­kil edə­­cək qə­­dər zən­­gin) eks­­po­­nat­­lar Fi­­ri­dun bə­­yin ya­­ra­­dı­­cı­­lı­­ğı ba­rə­­də ye­­tə­­rin­­cə mü­­kəm­­məl tə­­səv­­vür ya­­rat­­maq­­da­­dır. Və bu da tə­­sa­­dü­­fi de­­yil ki, öl­­kə­­nin Fik­­rət Əmi­­rov, Ni­­ya­­zi, Zi­­ya Bün­­ya­­dov, Ək­­rəm Cə­­fər, As­­lan As­­la­­nov, Ta­­hir Sa­la­hov, To­­fiq Qu­­li­­yev, Xə­­lil Rza Ulu­­türk... ki­­mi və­tən­pər­­vər zi­­ya­­lı­­la­­rı vax­­tın­­da onun həm ya­­ra­­dı­­cı­­lı­­ğı­­nı, həm də şəx­­siy­­yə­­ti­­ni yük­­sək qiy­­mət­­lən­­dir­­miş­­lər".

Qeyd etmək lazımdır ki, SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Heydər Əliyev mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov sənətşünas-alim Firidun Şuşinskinin əsərlərinə yüksək qiymət vermiş və onun silsilə portlərini yaratmışdı.

Siz yazınızda qeyd edirsiniz ki, Habilin “ad-sanı artıq 1960-1970-ci illərdən respublikanın sərhədlərini aşmışdı, canlı klassik hesab edildiyi" bir zamanda F.Şuşinski tərəfindən onun yaradıcılığı bir dəfə də olsun işıqlandırılmayıb.

Sizə xatırlatmaq istərdim ki, F.Şuşinski 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan H.Əliyev tez bir zamanda şöhrət tapmışdı. Həmin ilin iyun ayında H.Əliyevə “Əməkdar artist” fəxri adı verilir. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu. F.Şuşinski kamançaçalan Habil Əliyevin yaradıcılığına yüksək qiymət verəndən sonra 1979-cu ildə “Çalğı musiqimiz” adlı məqalə dərc etdirir. Məqalə müəllifi Habil Əliyevin son vaxtlar üzərində işləmədiyini qeyd edərək yazır: “...Öz şirin və yaradıcılıq fantaziyası ilə xüsusi bir məharətlə çaldığı “Segah”ı (“Habil Segahı”nı) belə, yadırğamışdır. Artıq Habilin çaldığı “Segah” 5-10 il bundan əvvəl çaldığı “Segah”a bənzəmir. Bunu, yəqin, Habil özü hiss edir. Habil geniş diapozonlu sənətkardır. O, bütün muğamları sərbəst və asanlıqla çala bilir. Ondan yeni-yeni sənət nümunələri tələb etməyə haqqımız var. Qüdrətli sənətkarın öz məktəbi olmalıdır”.

Firidun Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı nəinki siz, musiqidən piyada insanlar belə bu üsula əl atırlar. Onu əsərlərində erməniləri “təbliğ” etməkdə günahlandırırlar. Bu azmış kimi şəxsiyyətinə toxunan “ibarə”lər işlətməkdən xəcalət çəkmirlər. Halbuki, Firidun bəyin muğam tariximizə verdiyi töhfələri heç bir sənətşünas etməyib. Sual olunur, erməniləri yuxarı başa çəkən kimlər olub?

Xatırladım ki, ermənilər mənafeləri naminə məqamı gəldikdə bizim sadəlövliyimizdən ustalıqla istifadə etmiş və hal-hazırda da etməkdədirlər. Bununla da nəinki mədəniyyətimizə, incəsənətimizə, hətta adət-ənənələrmizə də hakim kəsildilər. Bu şərəfsizlər, xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, hökumət konsertlərimizi musiqiçilərimizlə birgə aparmaqla varlandılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edirdilər. Şəkillərini bizim korifey sənətkarlarlarımızla çəkdirməkdən qürur duyurdular. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər.

Unutmayaq ki, respublikamızın televiziya ekranlarında hər hansı bir klasssik sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orada kamança, balaban çalan, ya da dəf vuran erməni olur. Elə bir musiqi üçlüyü yoxdur ki, orada tarzən, ya kamançaçı, dəf vuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yoxdur ki, orada erməni millətindən olmasın. Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkilləri də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam edib. Deyildiyinə görə, Azərbaycanda 50 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, oynaşları bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamança çalanları, dəf, bəzən nağara vuranları müşayət edib. Bu da Firidun bəyin günahıdır? Toylara, məclislərə, dövlət tədbirlərinə azərbaycanlı sənətkarı siyahıdan silib, yerinə erməninin adını yazanda fikirləşdilərmi ki, hansı bir günahın sahibidirlər? Bəlkə bu da Firidun bəyin günahıdır? Vaxtilə ermənilərlə qucaqlaşıb şəkil çəkdirən sənətkarlar keçmiş günlərini bir daha vərəqləsin. Kimin haqlı, kimin haqsız olduğunu özləri müəyyənləşdirsinlər. F.Şuşinskinin kölgəsini qılınclayanlar vaxtilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa Firidun Şuşinski? Unutmayaq ki, erməniləri siz də unutmamısınız.

1962-ci ildə yazdığı “Şuşa” kitab 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra kitabın bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak A.İ.Mikoyana verilir. Daşnak əsəri oxuyandan sonra Moskvada vəzifədə oturan bir qrup erməni ilə birgə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Nejde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur. Bu əsərə görə Firidun Şuşinski uzun müddət təqiblərə, tənqidlərə, iftiralara məruz qalanda onların qarşısını Ümumilli lider Heydər Əliyev aldı. “Qətiyyətin təntənəsi” əsərində Ulu Öndərin 1968-ci ildə nəşr olunmuş “Şuşa” kitabı haqqında fikri daha maraqlıdır: “...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı”.

Beləliklə, Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tədqiqatçı-alimin təqib olunmasına son qoyuldu. Sonralar Firidun bəy etiraf edirdi ki, Heydər Əliyev olmasaydı, bu qarğa-quzğunlar, az qala, onun dərisini soyacaqdılar.

Nə səbəbdən ermənipərəst kimi F.Şuşinskini suçlandıranlar “Şuşa” əsəri haqqında yazmır və Ulu Öndərin bu qayğıkeşliyindən söhbət açmırsınız?

2014-cü il aprelin ayının 28-də Azərbaycan televiziyasının “Mədəniyyət” kanalında Azərbaycanın Xalq artisti, gözəl tarzən Sərvər İbrahimov haqqında veriliş nümayiş olunurdu. Verilişdə tarzən Sərvər İbrahimovla lentə alınan üçlüyün əksəriyyəti naxələf qonşuların nümayəndələrindən idi. Ümumiyyətlə, tarzənlərimizin əksər kamançaçalanı, dəfvuranı yuxarıda qeyd etdiyim kimi, həmin naxələflər olubl O dövrdə çəkilmiş şəkillərə nəzər saldıqda mütləq bu qeyrətini itirmiş nəslin nümayəndələrinə rast gəlmək olur. Niyə televiziya ekranında bu görüntülərin, şəkillərin kökünü kəsmirlər. Çünki həmin sənədləri məhv etməli olsalar, Azərbaycan xalqının dahi sənətkarları haqqında gələcək nəsil məlumatsız qalacaq.

Məgər burda da F.Şuşinski günahkardır? O zaman həmin görüntünü nümayiş etdirənə niyə etiraz bildirilmirdi. İstedadlı kamança ustası, Azərbaycanın xalq artisti Şəfiqə xanım Eyvazova televiziya ekranında görünəndə F. Şuşinskinin sevincdən gözləri yaşarmışdı. “İndi inanıram ki, ulularımızın qoyub-getdiyi bu qiymətli mirasımızı xalqımız yaşadacaq”. – demişdi.

Biz məqalə müəllifinə kifayət qədər erməniləri təbliğ etmiş, onların “muğamları” haqqında mətbuatda xoş söz yazan titullu “incəsənət xadimlərimiz” haqqında misallar göstərə bilərik. Həmən məqalələr respublika mətbuatında dərc edilmişdi. Bu ermənipərəst yazıya reaksiya verən yalnız F.Şuşinski olmuşdu. O zaman niyə həmən yazının müəlliflərini Firidun bəyi topa tutduğunuz kimi onları da topa tutmadınız cənab R.Hüseynov? Susdunuz etirazınızı bildirmədiniz ona görə ki, o müəlliflər tanınmış şəxslər, siz isə arxa çantanızı çiyninə aşırmış adi elmi işçi idiniz. Məgər buna da Firidun Şuşinski günahkardır?

Cənab Rəfael müəllim, niyə siz və sizin rəhbərlik etdiyiniz dəstə Firidun bəyi sağlam, gümrah vaxtında deyil, yalnız qoca, xəstə, əli qələm tutmayan bir zamanda məhkəməyə verdiniz? Maraqlıdır ki, siz başda olmaqla dəstənizin məhkəmə sənədlərində göstərilən şikayətlər nədənsə eyni xətlə yazılıb. Lazım olsa məhkəmə sənədlərini vərəqləyə bilərik. Bir də xatirinizdə qalsın ki, Firidun bəy yeganə tədqiqatçıdır ki, öz şəxsi hesabına ölkənin şəhərlərini gəzib, arxivlərini, kitabxanalarını araşdıran, xalqının şəxsi evlərdə saxlanılan qiymətli miraslarını alan tədqiqatçını həyat yüz ildən bir yetirir, o da əgər yetişərsə. Hal-hazırda böyük musiqişünasın yeri boş qalıb. Bu boşluğu doldurmaq üçün bizə bəlkə qərinələr, əsrlər lazım olacaq. Deyildiyinə görə, qa­zaх şai­ri, ya­zı­çı­sı və icti­mai хadi­mi Ol­jas Süley­me­nov böyük qalmaqala səbəb olmuş “Az i ya” əsə­ri­ni nəşr etdir­dik­dən so­nra həmin kitabın müzakirəsində rus alimləri hər tə­rəf­­dən ona hücum edə­rək yazıçının fi­kir­lər­i ilə razılaşmadıqlarını bil­di­rir və hə­min əsə­ri kəs­kin tən­qid atəşi­nə tu­tur­lar. O.Süley­me­nov diq­qət­lə onla­ra qu­laq asır və sonda dey­ir:

“Mən bu ki­tab­da ge­dən ya­zı­la­rı his­sə-his­sə çap etdirən­də niyə su­surdu­nuz, niyə öz etira­zı­nı­zı o zaman bildir­­mirdiniz?”.

Deyildiyinə görə, o vaхt Qa­za­хı­stan KP MK-nın bi­rinci ka­ti­bi olmuş D.Ku­nay­ev böyük şai­ri təqib­lər­dən və həbsdən qo­ru­yur. Nəticədə kitab məhv edilmir.

Firidun Şuşinskinin “Musiqişünasın düşüncələri” kitabında gedən yazılar vaxtilə ayrı-ayrı mətbu orqanlarda dərc olunmuşdur, O zaman siz və başınıza topladığınız sənətkarlar niyə etirazlarını bildirmədilər? Çünki o zaman Firidun bəyin sağlam, gümrah və qələminin iti vaxtı idi. Məhkəmədə “Musiqişünasın düşüncələri” kitabı nəşriyyat rəhbərliyi tərəfindən həmin iddialara tutarlı cavab verilməmişdir. Lakin Firidunsevərlər 16 min tirajın yüzlərlə nüsxəsinin məhvindən qurtara bildilər. Həmən kitabın bir nüsxəsi də Milli Kitabxanamızda qiymətli bir əsər kimi saxlanılır.

F.Şu­şin­ski­nin həy­a­tı mə­nə 1937-ci il repressiyasının qurbanı olmuş ədə­biyyat­şü­nas, folk­lor­çu, Sal­man Mümtazı хatırlatdı.

S.Mümtaz da ata­sın­dan qa­lan var-döv­lə­ti ədə­biyya­tı­mı­zın, folk­lo­ru­mu­zun və onun yaradıcıla­rı­nın üzə çı­хa­rı­lıb, хal­qı­mı­za tanıtdırılmasına sərf et­miş­di. Onun da bir çoх ki­ta­bı çap olun­muş, la­kin işıq üzü gör­məy­ən ne­çə-ne­çə əlyaz­ma­sı tonqallar­da yan­dı­rıl­mış, özü isə “və­tən хai­ni” ki­mi re­pres­siy­a­ya məruz qalmışdı. S.Müm­taz bə­ra­ət alan­dan xeyli müddət so­nra ki­tab­la­rı ye­ni­dən nəşr olun­muşdu. Bu zaman məlum olmuşdu ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi “görkəmli alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmalara öz imzalarını qoyub, nəşr etdirmiş və nəticədə “professor”,“akademik” adı almışlar. Artıq o vaхtdan ne­çə il­lər ke­çib, su­lar duru­lub, haqq ye­ri­ni ta­pıb.

F.Şuşinski dünyasını dəyişəndən sonra yeni musiqi “tədqiqatçılar”ı, “musiqişünaslar” meydana çıxmış və onun minbir əziyyətlə toplayıb nəşr etdirdiyi yazılarını öz adlarına dərc edirlər..

Sonda sizə xatırlamaq istəyirəm. Təvazökarlıqdan uzaq olsa da bu sətirlərin müəllifi tərəfindən toplanmış, tərtib edilmiş, nəşrə hazırlanmış və geniş ön sözü ilə 2015-ci ildə Firidun Şuşinskinin 672 səhifədən ibarət “Azərbaycanın musiqi xəzinəsi” adlı ensiklopedik kitabı Baş nazirin müavini olmuş, xalq yazıçısı Elçin Əfəndiyevin qayğısı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Sonda Rafael müəllim, F.Şuşinskinin bu kitabını oxumağınızı məsləhət bilirəm.

# 1332 dəfə oxunub

Müəllifin son yazıları

# # #