Mədəniyyət Nazirliyindən yeni layihə - Heykəllər təmizlənəcək

Mədəniyyət Nazirliyindən yeni layihə - Heykəllər təmizlənəcək
15 aprel 2022
# 13:20

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş şəkildə qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Kulis.az xəbər verir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 18-də Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihə həyata keçiriləcək.

Layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarətedilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulub.

“Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

“Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhərmetrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkinküçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihəyə Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start veriləcək.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #