Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Mədəniyyət naziri Adil Kərimli İsmayıllı şəhərində vətəndaşları qəbul edib.
Kulis.az xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.
İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından ümumilikdə 42 vətəndaş iştirak edib.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlər və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Vətəndaşlarla görüşdən sonra İsmayıllı və Şamaxıda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub.