Mais Nuriyevin İtaliyada yaradıcılıq gecəsi keçirildi

Mais Nuriyevin İtaliyada yaradıcılıq gecəsi keçirildi
4 iyun 2024
# 17:42

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, “Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfonun meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tanınmış teatr xadimləri iştirak ediblər.

Yüzlərlə insanın qatıldığı tədbir çərçivəsində Mais Nuriyevin İtalyan tələbələrindən ibarət rəqs qrupunun Azərbaycan musiqilərini ifa etmələri böyük maraq və sevinc hissi ilə qarşılanıb. Xoreoqrafın müxtəlif xarici ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.

Busto-Qarolfonun meri Sindako Suzanna Biondi çıxış edərək tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb. Milanın məşhur opera teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də diaspor fəalımız Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.

Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, Sağ ol!” əsərini müəllifin özü - Milan konservatoriyasının keçmiş professoru, tanınmış musiqiçi David Qualtierinin ifa etməsini tamaşaçılar böyük maraq və alqışlarla qarşılayıblar. Daha sonra Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.

Qeyd edək ki, Mais Nuriyevin uzun illərlə yetişdirdiyi rəqqaslar məhz onun yaradıcılıq gecəsində iştirak üçün yenidən səhnəyə qayıdıb, müxtəlif rəqsləri ifa ediblər. Bəzi xarici ölkələrdə yaşayan tələbələri isə Mais Nuriyevə video-təbriklərini ünvanlayıblar. Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.

# 644 dəfə oxunub

Müəllifin son yazıları

# # #