Maestro Niyazinin məzarı ziyarət olunub

Maestro Niyazinin məzarı ziyarət olunub
20 avqust 2024
# 13:11

Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, Azərbaycanın və SSRİ--nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Mərasimdə görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafının Niyazinin adı ilə bağlı olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, o, dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.

Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Qeyd edilib ki, bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.

# 562 dəfə oxunub

Müəllifin son yazıları

# # #