Parisdəki Luvr muzeyi işçilərin pensiya islahatının ləğvi tələbi ilə bağlı tətil səbəbindən işini dayandırıb.
Kulis.az bu barədə TASS məlumat yayıb.
Luvr Paris vaxtı ilə saat 09:00-dan bağlanıb. Ümumilikdə tətildə mədəniyyət işçilərinin bir neçə həmkarlar ittifaqı və Luvr əməkdaşlarının özləri iştirak edirlər. “Bu aksiya mədəniyyət işçilərinin pensiya islahatına qarşı davam edən səfərbərliyinin bir hissəsi kimi həyata keçirilir”, - deyə təşkilatçılar qeyd ediblər.
Sosial şəbəkələrdə Luvrun nümayəndələri işin dayandırıldığını təsdiqləyib və anlayışlarına görə ziyarətçilərə təşəkkür ediblər.
Ötən il Parisin ən məşhur muzeyini 7,8 milyon insan ziyarət edib ki, onların da əksəriyyəti xarici turistlər olub.
Qeyd edək ki, yanvarın sonundan Fransada pensiya islahatlarına qarşı tətillər keçirilir. Yeni qanun layihəsinə görə, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.