Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti

Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti
10 dekabr 2019
# 16:30

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv cəmiyyətin formalaşması və inkişafında inklüziv təhsilin əhəmiyyəti” mövzusu üzrə müsabiqədə 1-ci yer üzrə qalibi Şamaxı şəhər, M.Hadi adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fəridə Xəlilovanın “İnklüziv təhsil: Nəzəriyyə və Təcrübə” essesini təqdim edirik.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan edilən müsabiqə inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə keçirilib.

Çox illər əvvəlin söhbətidir...

Mən birinci sinifə şagird götürürdüm. Bir gün yaşlı qadın balaca bir uşağın əlindən tutub (uşağın həm bir qolunda, həm də bir ayağında əlillik vardı) mənə yaxınlaşdı və xahiş etdi ki, onu da birinci sinfə qəbul edim.

Düzü mən əvvəl uşağa baxıb tərəddüd etdim. Bu uşaq o biri uşaqlarla ayaqlaşa biləcəkdimi?- deyə düşündüm. Nənə mənim fikrə getdiyimi görüb yəqin ki, məsələni anladı. O mənə yaxınlaşıb uşağın başına gələn faciəni mənə danışdı. Məlum oldu ki, uşağın 3 yaşı olanda o ata və anası ilə avtomobil qəzası keçirib, valideynləri həmin qəzada dünyasını dəyişiblər. Bu uşaq isə uzun müalicələrdən sonra ayaq üstə durub. Həm də heç kəslə ünsiyyət qurmur. Düzü, bu söhbət mənə çox pis təsir etdi. Mən uşağın sənədlərini götürdüm və onu öz sinfimə qəbul etdim.

Mən çalışırdım ki, bu uşaq mənimlə və digər uşaqlarla dil tapa bilsin. Bunun üçün çox çalışırdım. Bəzən gecələr də bu haqda düşünür, yeni yollar axtarırdım. Uşaq isə qaraqabaq, fikri dağınıq olurdu. Heç kəslə ünsiyyət qurmurdu.

Dərsin başlanmasından bir neçə ay keçmişdi. Mən uşaqlarla birlikdə ekskursiyaya getdim. Bahar fəsli idi. Azərin nənəsindən icazə alıb onu da apardım. Biz birlikdə uşaqlarla şənləndik, yemək yedik. Bir qədər keçmişdi ki, Azər mənə yaxınlaşdı və qəflətən boynumu qucaqlayıb ağlamağa başladı.

Mən onun üzündən öpdüm və soruşdum:

- Oğlum, niyə ağlayırsan. Kimsə xətrinə dəyib?

Azər astadan pıçıltı ilə mənə dedi:

- Müəllim olar ki, siz nənəmə deyəsiniz məni hərdənbir sizə gətirsin. Mən evə gedəndə sizin üçün çox darıxıram.

Mən Azərə söz verdim ki, narahat olma. Mən nənənlə danışaram, səni tez-tez bizə gətirər.

Elə də oldu. Səhər mən nənə ilə danışıb onu razılığa gətirdim. Dedim həm dərslərinə kömək edərəm, həm də uşaq bir az komplekslərindən xilas olar. Ondan sonra demək olar ki, Azər tez-tez bizə gəlirdi. Dərslərinə də birlikdə hazırlaşırdıq.

Bu minvalla 3 il keçdi. Azər artıq uşaqlarla da ünsiyyət qurur, dərslərini də yaxşı oxuyurdu. Fiziki əlilliyinin olması artıq onda kompleks yaratmırdı. Artıq nitqi də düzəlmişdi.

8 mart Beynəlxalq Qadınlar Günü idi. Azərin əlində bir gül və bir kağıza bükülü nə isə vardı. O, sinifə girən kimi mənə yaxınlaşıb boynumu qucaqladı və sıxıla-sıxıla dedi:

- Müəllim mən sizi çox istəyirəm. Bu gün sizin bayramınızdır. Mən sizə ən çox sevdiyim və dəyər verdiyim bir şal hədiyyə gətirmişəm. Mən anamla avtomobil qəzasına düşəndə bu şal anamın başında idi. O vaxtlar mən ağlayanda nənəm həmişə bu şalı mənə verirdi. Mən də ondan anamın iyini alıb yuxuya gedirdim. Ağlım kəsəndən sonra mən bu şalı balışımın altında saxlayıram, tez-tez götürüb baxıb yenə ora qoyuram. Çox xahiş edirəm ki, icazə verəsiniz mən bu şalı sizə hədiyyə edim. Əgər bu şalı sizin başınızda görsəm, elə bilərəm ki, yenidən anamı görürəm.

Bu sözləri deyərkən Azərin göz yaşları yanağından süzülürdü. Mən onu qucaqlayıb öpdüm və dedim:

- Oğlum, mən də çalışaram ki, ən layiqli yerlərə gedəndə belə bu şalı örtüm.

Azər mənim bu sözlərimə çox sevindi, hıçqıra-hıçqıra dedi:

- Müəllim, axı şal bir az köhnəlib. Siz onu doğurdan örtərsiniz?

Mən ona dedim:

- Oğlum, sən nə danışırsan? Məsələ onun görünüşündə deyil, o şalın dəyəri mənim üçün böyükdür.

Azər o qədər sevinmişdi ki, sanki dünyanı ona vermişdilər.

İllər ötdü. Azər artıq məktəbi bitirmişdi. Universitetə qəbul olunmuşdu. Demək olar ki, müntəzəm əlaqə saxlayır, bütün problemlərini birlikdə həll edirdik.

Lakin...

Soyuq bir qış günü idi. Azərlə telefonla danışdıq. Dedi ki, müəllim, artıq qış sessiyası sona çatdı. Qiymətlərim də yaxşıdı. Sabah rayona gələcəyəm. Gələn kimi sizinlə görüşəcəyəm. Sizə deyəsi sözlərim də var.

Təəssüflər olsun ki, səhər qara xəbərlə açıldı. Səhər tezdən idi. Telefon zəng çaldı. Azərin nənəsi telefon xəttində ağlayırdı. Sanki dondum. Güclə də olsa anladım ki, Azər avtomobil qəzası keçirib və ağır vəziyyətdə xəstəxanadadır. Mən xəstəxanaya çatanda Azər çox ağır vəziyyətdə idi. Gözlərini açıb məni görəndə sanki üzünə sevinc gəldi və dedi.

- Ana səni görmədən ölmək istəmədim. Bax bu da sevdiyim qızın şəkli.

O bunu deyib ovcunda saxladığı şəkli mənə verdi və əbədi olaraq gözlərini yumdu. Azərdən mənə xatirə qalan “Ana” sözü, şal və şəkil isə hər dəfə mənə Azəri xatırladır.

Lakin bu hadisə həm də mənə çox böyük həyat dərsi verdi. O gündən bu günə kimi hansı ünsiyyət çətinliyi və ya digər əlilliyi olan bir uşaqla rastlaşaramsa, sevə-sevə onunla anlaşır, sinfimə qəbul edir və çalışıram ki, onun qəlbinə yol tapım.

O vaxtdan demək olar ki, həmişə dərs dediyim siniflərdə əlilliyi olan uşaqlar olub. Hal-hazırda da nitq və ünsiyyət çətinliyi olan şagirdlərim var. Mən onların da bu gün sevgilərini qazandığım üçün özümü xoşbəxt hiss edirəm.

Diqqətinizə çatdırdığımız bu həyat hekayəsində bir müəllimin bir şagirdinin həyatına Y.A.Komenskinin sözləri ilə desək “günəş tək öz şüalarını yaymasını” hiss etmək mümkündür. Şagirdinin qısa ömrünü mənalı uğur hekayəsinə çevirən müəllimlərimiz azmıdır bu gün məktəblərimizdə?! Bəli, bu gün o fədakar müəllimlərimizi düşündürən inklüziv təhsil anlayışı cəmiyyətimizdə də diqqət mərkəzindədir. Bu anlayışla ilk dəfə tanış olduğum zaman anladım ki, inklüzivlik biz müəllimlərin peşə və şəxsi keyfiyyətləri arasında hər zaman mövcud olmuşdur. Sadəcə indi məsələ bu anlayışı bütün cəmiyyətin, xüsusilə təhsil sahəsində çalışan hər kəsin diqqət mərkəzində saxlamaqdır. İstər xarici ölkələrdə, istərsə də Azərbaycanda bütün uşaqların bərabərhüquqlu şəkildə, eyni icmada yerləşən ümumtəhsil məktəblərinin siniflərində birgə təhsili məsələsi ömrünü şagirdlərin təhsilinə həsr etmiş müəllimlər tərəfindən böyük sevinclə qarşılanır. Məlum məsələdir ki, inklüziv təhsil yalnız müəllimlərin inkişafından və ya təhsil sistemində aparılacaq dəyişikliklərdən asılı deyil. Dünya təcrübəsi də göstərir ki, inklüziv təhsil bütün cəmiyyətin prosesə qoşulması ilə

həyata keçirilə bilər. Bununla bağlı UNESCO-nun tədqiqatları nəticəsində inklüziv təhsilin yaradılmasının 3 şərti ilə tanış olaq:

- Təhsilin əsaslandırılması: İnklüziv məktəblər üçün bütün şagirdlərin fərdi xüsusiyyətlərini və bütün üstünlüklərini nəzərə alaraq tədris planları hazırlanmalıdır. Şagirdlərin ehtiyaclarına və fərdi öyrənmə fəaliyyətlərinə uyğun bir yanaşma təhsildə standartlaşdırmadan üstündür və bu zaman bütün şagirdlərin təlim prosesindən faydalanması ehtimalı daha yüksək olur.

- Sosial əsaslandırma: İnklüziv məktəblər daha ədalətli cəmiyyət qurmaq üçün münasib dəyişiklik yaratmaq üçün əsas yaradacaqdır.

- İqtisadi əsaslandırma: İnklüziv məktəblər fərqli şagird şəxsiyyətləri üçün eyni məktəblər olan bir təhsil sistemi üçün daha az xərc tələb edir, çünki bütün şagirdlər üçün təhsilin birləşməsini təmin edir.

Şəxsi təcrübəyə əsalanaraq deyə bilərik ki, cəmiyyət olaraq maariflənmək və inklüzivliyə hazır olmaq ən mühüm tələbdir. İstənilən dövrlərdə uşaqlar ayrıseçkiliyə məruz qalmışlar. Ayrıseçkiliyi qruplara ayırmaq istəsək aşağıdakı nəticələri əldə etmək olar:

Etnik mənsubiyyəti: şagirdlərin fərqli irqi, rəngi və ya etnik mənşəyi ilə əlaqəli ola biləcək digər şərtlərə görə mənfi davranışlara məruz qalması.

Dini etiqad: şagirdlərin öz dinləri, məzhəbləri, ibadətləri və dini yaşayış tərzləri ilə bağlı ayrıseçkiliklərə məruz qalması. Müəllimlərin fərqli dinlərə inanan şagirdlərinə mənfi münasibəti dini etiqad əsasında ayrıseçkilik nümunəsidir.

Gender bərabərsizliyi: qızların məktəbdən erkən çıxarılması gender əsaslı ayrıseçkiliyin nümunəsidir.

Sosial-iqtisadi səviyyə: şagirdlərin sinifdə və ya məktəbdə digərlərindən fərqli bir sosial-iqtisadi səviyyədə olduqları üçün ayrıseçkiliklərə məruz qalması.

Əlillik və ya xüsusi ehtiyaclar: müxtəlif səbəblərdən meydana gəlmiş əlilliyə görə ayrıseçkiliyin olması.

Sinifə daxil olan şagirdlərin laqeydliyi və kənarlaşdırması kimi münasibətlər də bu şagirdlərin məruz qaldığı bəzi ayrı seçkiliklərdir.

İstənilən halda göstərilən ayrıseçkiliklər özünü qabarıq şəkildə təhsil müəssiələrində biruzə verir ki, bu da pedaqoji prosesə təsir göstərir. Müəllimlər inklüziv təhsilə keçidi ilk növbədə ayrıseçkiliyə yol verməməklə başlamalıdır. Daha sonra uşağayönəlmiş metodikaların valideyn qayğısı ilə tətbiq etmək olar. Lakin hər zaman şagirdlərinə valideyn qayğısı ilə yanaşmaq da bəzən kifayət etmir. Həddən artıq qayğıya sərf olunacaq vaxtı bütün digər maraqlı tərəflərlə (QHT-lər, Təhsil şöbəsi, bələdiyələr və s.) bərabər iş sistemi qurmağa, ağlabatan uyğunlaşdırmalar aparmağa sərf etmək olar.

İnamla deyə bilərik ki, inklüziv dəyərlərə, şəxsi təcrübəmizə və birgə əməkdaşlığa əsaslanaraq inklüziv cəmiyyətin qurulmasına nail olacağımız günlər uzaqda deyil!

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #