Əlil qadının bətnindəki uşağa dedikləri – Yeni türk hekayəsi

Əlil qadının bətnindəki uşağa dedikləri – Yeni türk hekayəsi
21 iyul 2020
# 08:55

Kulis.az “Hekayə günü” layihəsindən hazırda fransada yaşayan türk yazar Rahime Sarıçelikin “Bətnimə düşən ilk kəlmələr” hekayəsini təqdim edir.

Nə qəribə hissdir bu... Eləcə səndən danışmaq, sənə toxunmaq istəyirəm. İçimdəki içim! Məndən bəslənməyin nə gözəl. Yəni, sənsən, mənəm – ikimizik. Yəni, həyatım boyu həmişə yanımda olacaqsan? Əslində, sənə sahib durmağı öyrənməli, bildiyim hər şeyi sənə öyrətməliyəm. Kim bilir nə qədər gözəl olacaq. Nə qədər də hazırmışam sənə. İllərdir sənin sevgini axtarmışam. Sadəcə sən və mən. O qədər tənhaydım ki... Sən demə, heç vaxt özümü kiməsə bu qədər yaxın hesab etməmişəmmiş. Bu, çox sehrli bir duyğudur. Bu gün səninlə ilk günümüzdür. Əslində, ilk günümüz deyil, sənin bədənimdə olduğunu öyrəndiyim ilk gündür. İndi Sultanəhməd, Eminöünü və Taksimə gedəcəyik. Buralar mənim işlədiyim yerlər. İşləmək nədir deyirsən? İnsanlar gələcəyin bu dünyada yaşamaq üçün işləməyə məcburdur. Hər kəs özünə bir iş tapır. Mən küçələrdə rəsm çəkirəm. Rəsm çəkməyi sənə də öyrədəcəyəm. Aha, budur avtobusumuz da gəldi.

“Salam, Talib abi”

“Ooooo! Salam. Xanım əfəndiyə kömək edin, gənclər! Bu dəfə hara gedirsən?”

“Sultanəhməd məscidinə.”

“Çoxdandı görünmürsən?”

“Bir az nasazlamışdım”

“Keçmiş olsun! Bir də acı xəbər eştdik...”

“Məni bu küçənin başında düşür, Tahir abi! Hələlik, görüşənədək”

“Gənclər! Hələlik. Özünə yaxşı bax.”

Bax, bura Sultanahməddir. Çox gözldir, deyilmi? İndi bir küncdə özümüzə yer eləyəcəyik. Aha, bax bura çox yaxşıdır. Burda adətən əcnəbilər olur. Əcnəbi nə deməkdir, deyirsən? Yəni, başqa ölkələrdən gələnlər, yəni yad, özgə, bizdən olmayanlar . Bizim ölkədə də əcnəbilər var, təbii. Əslində, məndən başqa hər kəs sənə yaddır, əcnəbidir, səndən başqa hər kəs də mənə.

“Salam, Sultan abla, necəsən?”

“Yaxşıyam, Rasim, dükanıma qayıtdım.”

“Yaxşısan, eləmi?”

“O boyaları verərsən... Qutunun içindəkiləri...”

“Bu gün nə çəkdin?”

“İndicə gəldim, hələ bir şey yoxdur. Amma istəsən əvvəl çəkdiyim rəsmlərə baxa bilərsən.”

“Bizim restoranda bir turist var, maraqlandı...”

“Turistlər olmasa yanmışam! Çörəkpulu üçün bütün günü gözləyirəm, bir-iki dənə satsam da kardır.”

“Şey... Yaxşılaşmısan.”

“Hamiləyəm”

“Nə? Hamiləsən? Axı...”

“Axı nə? Mənə yaraşdırmadınmı?”

“Elə demək istəmədim, amma... Biz o kişini yaxşıca əzişdirdik. Sən xəstəxanada ikən tapdım onu. Sonra da polisə təhvil verdik.”

“Rasim, uşaq doğulana qədər qadınların sığınacaq mərkəzindəyəm. Sonrasına baxarıq.”

“Orad ən çoxu altı ay qala bilərsən.”

“Danışdım, uzadacaqlar. Xəstəxanadan sənədim var.”

“Amma bu uşaq...”

“Rasim, bu uşaq mənimdir, anladınmı, mənimdir!”

“Hirslənmə, abla. Yəni...”

“Yəni, onu necə saxlayacam, eləmi? Yəni, vəziyyətimi anlamırammı?”

“Yox, abla, mən, sadəcə…”

“Rasim... Mən çox düşündüm. Onun içimdə olduğunu biləndən bəri özümü daha güclü hiss edirəm. Az-çox rəsmlərimlə keçinərik. Bir az əskik ana ola bilərəm. Ona verəcəyim ən gözəl şey sevgim olacaq. Onu çox sevəcəm, Rasim, çox!”

“Abla, mən üzr istəyirəm, əslində... Sən tanıdığım ən güclü qadınsan.”

“Əlilliyim qollarımda və ayaqlarımdadır. Mənim bir düşünən beynim, bir də sevən qəlbim var. Yaşadığım hər şeyə rəğmən...”

“O heyvanı tapsam, öldürəcəm!”

“Xeyir! Bizim gücümüz çatmaz, Rasim! Uşaqların var. Biz çörəkpulu üçün çalışırıq. Sənsiz ailən, arvadın nə edər? Sən mənim tanıdığım ən yaxşı dostsan. Yaxşı tərəflərin çoxdur. Boş ver. Təcavüzə görə verilən cəzaları da bilirsən. Bir az yatıb çıxacaq.”

“Mən gedim, patron axtarar birdən.”

Mənimlə bağlı bəzi şeyləri bilməlisən, amma indi istəməzdim. Əmin ol, mən sənə yaxşı bir ana ola bilərəm. Sadəcə, hər şeyi bilməyin lazımdır deyə düşünürəm. Gələcəyin dünya belə bir yerdir. Əvvəlcə heç nə anlamayacaqsan. Sənin üçün sadəcə mən olacam. Sonra biz səninlə bir-birimizi sevərək yaşamağa çalışacağıq. Rəsm çəkəcəyik. İstədiyimiz dünyanı, daha gözəl bir dünyanı çəkəcəyik səninlə. Sən daha şanslı olacaqsan. Daha gözəl, ümid dolu rəsmlər çəkəcəksən. Həyat sadəcə sevgiylə fırlanmağa davam edəcək. Heç nəyimiz olmasa da biz durmadan sevecəyik bir-birimizi.

“Bu tablo neçəyədir?”

“On beş lirə.”

“Sağdakı da gözəldir.”

“O iyirmi lirədir.”

İlk rəsmimizi də satdıq. Hər şey gözəl olacaq, unutma. Biz durmadan sevəcəyik səninlə...

Uyğunlaşdırdı: Şərif Ağayar

# 3384 dəfə oxunub

Müəllifin son yazıları

# # #