Kukla Teatrında yeni tamaşa nümayiş olunacaq

Kukla Teatrı

Kukla Teatrı

25 yanvar 2022
# 13:29

Builki repertuarı daha da zənginləşdirmək məqsədilə yanvarın 28-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rus şairi Puşkinin yaradıcılığına müraciət edərək “Balıqçı və balıq haqqında nağıl”ını təqdim edəcək.

Kulis.az xəbər verir ki, “Qızıl balıq” adı verilən bu tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışacaq.

Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirəcək.

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb.

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.

Tamaşada obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar.

# 1603 dəfə oxunub

Müəllifin son yazıları

# # #