"Koroğlu"nun heykəlinə görə tənqid olunan Xalq rəssamı haqqında maraqlı faktlar

"Koroğlu"nun heykəlinə görə tənqid olunan Xalq rəssamı haqqında maraqlı faktlar
2 may 2023
# 21:00

Kulis.az Xalq rəssamı Tokay Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Yaratdığı saysız-hesabsız heykəltəraşlıq nümunələri ilə Azərbaycan incəsənətinə böyük töhfə vermiş Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı idi.

***

İlk təhsilini anasından alan balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi.

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltəraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı həmin heykəltəraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan dərs almağa başlayır. Leninqrad Rəssamlıq Akademiyasını bitirmiş F.Əbdürrəhmanov öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.

1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

***
Heykəltəraşın ilk işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülür.

Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır. Bu portretin yaradılması təsadüfi deyildi. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltəraş müstəqil şəkildə ilk dəfə görkəmli alimin portretini canlandırır. Biz bu portretdə zərifliklə canlanan yaradıcı insan simasını görürük. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsəri gənc heykəltəraşın ilk uğuru kimi qiymətləndirmək olar.

***
Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, görkəmli Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir. Bu portretdə heykəltəraş daxili psixoloji keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə edir.

Heykəltəraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkirdi.
1951-ci ildə akademiyada təhsilini başa vuran Tokay Məmmədovun yaratdığı diplom işi "26 Bakı Komissarları"na həsr olunur. Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltəraş kimi işə başlayır və Leninqrad

Rəssamlar İttifaqına üzv qəbul edilir.

Heykəltəraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltəraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədir.

***
T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub.

Heykəltəraşın yaratdığı "Nizami Gəncəvi" portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılaraq nümayiş olunur.

***
Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbildən onun "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretlərini qeyd etmək olar.

Heykəltəraş Tokay Məmmədovun yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun "Üzeyir Hacıbəyov", Xalq rəssamı "Rüstəm Mustafayev", qadın rəssam "Vəcihə Səmədova", yazıçı "Süleyman Rəhimov", polyak bəstəkarı "F.Şopen" və Avstriya bəstəkarı "V.A.Motsart" kimi dahilərin büst portretlərini qeyd etmək olar.

Həmçinin heykəltəraşın yaradıcılığı monumental heykəllərlə zəngindir. Tokay Məmmədovun monumental sahədə canlandırdığı obrazlarda Azərbaycanın şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının surətləri durur. 1960-cı ildə Üzeyir Hacıbəyovun heykəlini Konservatoriya binası qarşısında qoyurlar.

Tokay Məmmədov inqilabçı Məşədi Əzizbəyovun monumental heykəlini işləyib və o 1976-cı ildə Bakı şəhərində ucaldılıb. Həmin abidəyə görə 1978-ci ildə heykəltəraşa SSRİ Dövlət mükafatı təqdim edilib.
Heykəltəraş monumental sahədə həmçinin Azərbaycan şairi "İmaməddin Nəsimi" və "XI qızıl Ordu" abidələrini yaradıb.

Tokay Məmmədov yaradıcılığının ilk günlərindən başlayaraq heykəltəraşlığın qabartma sahəsində bir çox insanın surətlərini canlandırıb. Bu qabartmalardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu qabartmada qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Bu əsər heykəltəraşın gənclik illərində yaratdığı və ona uğur qazandırdığı əsərlər sırasında durur. Əsər bir çox beynəlxalq sərgidə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-ci ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

***

T.Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. Bir çox variantda yaradılan abidənin bir modeli Bakı şəhərində ucaldılmalı idi. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadır təsviri bağışlamalı idi.

Koroğluya qoyduğu heykəl ictimaiyyət tərəfindən sərt tənqid olunub. Heykəltəraş müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir:

“Bilsəm ki, bu sözləri professional adam deyir, mübahisəyə girişərəm. Hər kəsin öz fikri var. Şəhərdə beş heykəl varsa, onlar da mənim işlərimdir. Baxır, Koroğlunun heykəlinə sən hansı bucaqdan, hansı tərəfdən baxırsan. Heykəlin düz altından baxanda, əlbəttə, atın ayaqları böyük görünəcək. Yaxud, onun qılıncı və s. Kiyevdə bir peşəkar mühəndislə görüşmüşdüm, deyirdi, dünyada nə qədər atlı heykəl varsa, hamısını araşdırmışam, ən yaxşısı sənin işindir. O adam danışırdı ki, elə bir heykəl yoxdur, atın dörd ayağı havada olsun. Heykəli baxır haradan, hansı bucaqdan görürsən. Bir də heykələ baxanda bilməlisən ki, onun açarı atdır, yoxsa qəhrəman özü. Bu, vacib məsələdir. Uzaqdan baxanda görünür ki, hər şey yerli-yerindədir".

***

Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.

Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib, mayın 3-də İkinci Fəxri Xiyabanda dəfn edilib.

# 1876 dəfə oxunub

Müəllifin son yazıları

# # #