Komaya düşdü, ölümünü əvvəldən hiss etdi, müəmmalı şəkildə dünyasını dəyişdi – Xalq artistinin son arzusu nə idi?

Komaya düşdü, ölümünü əvvəldən hiss etdi, müəmmalı şəkildə dünyasını dəyişdi – Xalq artistinin son arzusu nə idi?
16 iyun 2022
# 12:00

Kulis.az xanəndə, Xalq artisti Qəndab Quliyeva haqqında on maraqlı faktları təqdim edir.

Quliyeva Qəndab Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.

***

Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Leyli, Əsli, Şahsənəm, Gülbahar, Xanəndə qız kimi aparıcı rollar ifa edib.

Xanəndənin repertuarına muğam dəsgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamları AzTV Fondunda saxlanılır.

***

Onun ifasında səslənən “Xaric sehgah” muğamını bu günə qədər onun kimi heç kəs ifa edə biləməyib.

Tarzən Möhlət Müslümov öz xatirələrində deyir ki, Qəndab Quliyeva Füzulidən gəlib Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda, müəllimlər onu oxudub ifasına qulaq asıblar. Sonralar Qəndab xanım muğam ifa edəndə bütün müəllimlər onun səsinə vurğun olub, onu dinləmək üçün o olan otağa yığılıblar. “Qarabağdan yeni bir səs gəlib” sözləri isə dildən-dilə dolaşıb.

Qəndab Quliyevanın səhhətində problemlər olsa da ölümü ailəsi və sənət camiəsi üçün gözlənilməz olub. Oğlu Hafiz Həmidov müsahibələrinin birində deyir:

“Onun ölümü müəmmalı oldu. Xəstəxanaya özü öz ayağı ilə getmişdi. Orda həkimlə görüşəndə həkim dedi ki, üç-dörd günlük müalicə olunub çıxacaq. İki-üç gün xəstəxanada qaldı. Sonrakı gün səhər vaxtı yanına getdim, həkim dedi, heç bir problemi yoxdur. Mən də dedim, onda işə gedim, qayıdacam. İşə getdim, üstündən bir saat keçmişdi, həkim zəng vurdu ki, dərman var, onu təcili tapmaq lazımdı, bizdə o dərmandan yoxdu, gəl, onu al. Dərmanı alıb gətirəndə gördüm, anam palatada yoxdu. Onu reanimasiyaya aparmışdılar. Baş həkim dedi, komaya düşüb, səbəbini həkimindən soruşun, mən deyə bilmərəm. Həkiminin yanına getdim, yerində olmadı, zəng vurdum, dedi, biz özümüz ona iynə vurub yatırtmışıq. Bir-iki gün orda qalacaq, çıxaracağıq. Sonra da həkim telefonlarını bağladı. Nətcəsi də belə oldu. Anamın ölümü müəmmalı oldu.”

Qəndab xanım reanimasiyada bir neçə gün süni apartla yaşayıb, ölümündən bir gün əvvəl yaxınlarının məsləhəti ilə süni aparatdan ayırmaq istəsələr də həkim daha bir gün qalmasını təklif edib. Növbəti günün səhəri saat 9-da oğlu anasının yanına daxil olanda onun artıq keçindiyinə əmin olub və anasının süni aparatdan ayrılmasına razılıq verib.

***

Rəhmətə getməzdən öncə evdə çox kədərli musiqilər ifa edərmiş. Oğlu Hafizin sözlərinə görə, sanki tezliklə dünyadan köçəcəyi ürəyinə dammışdı. Ölməzdən əvvəl ən böyük arzusu Binə qəbiristanlığında anasının yanında dəfn olunması olub.

Ölümündən sonra oğlunun yuxusuna girərək ona deyib ki, niyə övladlarına toy eləmirsən?

***

Qəndab Quliyeva 2017-ci ilin əvvəllərində infarkt və 3 dəfə insult keçirib. O, 16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilir. Görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat edir.

# 10635 dəfə oxunub

Müəllifin son yazıları

# # #