Kitab bizə nə öyrətməlidir?

Kitab bizə nə öyrətməlidir?
22 sentyabr 2023
# 13:00

Kulis.az Tural İbadlının Rəşad Bayramovun "İnsanlara təsir etməyin 9 yolu" kitabı haqqında yazısını təqdim edir.

Uşaqlıqdan böyüklərimizdən tez-tez eşitdiyimiz bir ifadə var – kitab adama doğru yol göstərir. Həyatımızın sonrakı illərində isə bu yolun necə hamar olub-olmamasını daha yaxşı görmək imkanımız olur. Əslində isə hər bir insanın fərqli fikri olduğu qədər onun özünün də doğru yol anlayışı var. Amma mənə görə isə doğru yol göstərən kitab məhz məni öz psixologiyam ilə tanış etməli, yaşadığımız bu həyatın reallıqlarına ayna tutmalı, var olmaq uğrunda necə mübarizə aparmaq lazımdırsa onu göstərməlidir.

Açığı, son zamanlar oxuduğum kitablar arasında özünü inkişaf kitablarının üstünlük təşkil etməsi də buna hesablanıb. Bu vaxta qədər dünyaca tanınmış müəlliflərin bir çox kitablarını oxumaq və onlardan kifayət qədər maraqlı məlumatlar əldə etmək imkanım olub. Hesab edirəm ki, həmin “bestseller”lər nə qədər maraqlı və əhəmiyyətli olsa da, onlardan öyrəndiklərimizi yerli mühitdə olduğu kimi tətbiq etmək olmaz. Bunun üçün milli psixologiyamıza bələd olan menecerlərin kitablarına ehtiyac var.

Bir müddət öncə müəllifi Rəşad Bayramov olan "İnsanlara təsir etməyin 9 yolu" kitabını oxumaq imkanım oldu. Onu oxuduqca hiss etdim ki, əslində, mənim də istədiyim bu idi. Yəni yerli mühitdə çalışmış menecer bizim mental dəyərləri nəzərə alaraq mövcud təcrübə əsasında yol xəritəsi çizsin. Bu baxımdan kitabda maraqlı gələn bir neçə məqamı xüsusi vurğulamaq istəyirəm. İlk olaraq onu deyim ki, həm müəllif yerli təcrübədən, özünün yaxud da başqa yerli menecerin praktikasından tez-tez nümunələr çəkir. Bu isə bizə real mənzərəni görməyə və müqayisə etməyə imkan yaradır. Digər maraqlı məqam ölkənin tanınmış şirkətlərinin rəhbərlərinin idarəetmə və liderlik təcrübələri ilə bağlı düşüncələrini bölüşməsidir. Məncə, bu, ilk belə haldır ki, hansısa uğurlu rəhbər özünün idarəetmə metodlarını açıqlayır. Üstəlik, eyni kitabda xarici menecerlərin də fikirlərinin yer alması oxucuya asan müqayisə etmək üçün şərait yaradır.

Hesab edirəm ki, hər bir kitabı maraqlı edən məqamlardan biri də onun dilinin axıcılığıdır. Məhz burada da, adətən, alışdığımızdan fərqli olaraq bir çoxlarımızın anlamağa çətinlik çəkdiyi xarici terminlərin, əsasən, öz dilimizdəki mənaları ilə verilməsidir. Yəni ümumişlək olan beynəlxalq ifadələr ana dilimizdəki qarşılığı ilə birgə verilir və anlayırsan ki, bu sən demə filan sözün bizdə qarşılığı var imiş!

Özünü inkişaf kitablarında yazılanların gələcəkdə tətbiqi üçün qavranılması vacib olduğu üçün onların birnəfəsə oxunması da çətin olur. Bəzən sözbəsöz, kəlimə-kəlimə oxumaq lazım gəlir. Bu, sanki stəkanda olan saf su kimidir, qurtum-qurtum içirsən ki, həm gec bitsin, həm də rahat həzm edəsən!

Rəşad Bayramovun kitabında isə teorik yazıların arasında Azərbaycanın iş mühitində rast gəlinən və bir çoxlarımıza qarşılaşdığı təcrübi hekayələrin olması yazının ağırlığını bir qədər azaldır, ona axıcılıq verir. Öz təcrübəmdən deyə bilərəm ki, məhz bu məqam məni kitabı tez oxuyub başa çatdırmağa həvəsləndirirdi. Çünki müəllifin göstərdiyi misallarda özünün olduğun mühiti tapanda yaxud menecer tərəfindən sənin düşündüklərinin icra edildiyini hiss edəndə çalışırsan növbəti səhifələrdə də səni narahat edən sualların cavabını görəsən. Məncə, cəmiyyətdə sağlam vətəndaş yetişdirmək üçün ona təhsil verməklə yanaşı onu real mühitdə yaşamağa hazırlamaq lazımdır. Bu baxımdan "İnsanlara təsir etməyin 9 yolu" kitabı da əla vasitələrdən biridir. Liderlik bacarıqlarını kəşf etmək istəyənlər və bu bacarıqları inkişaf etdirməkdə maraqlı olanlar Rəşad Bayramovun bu kitabını mütləq oxumalıdırlar. Daha yaxşı olar ki, bu kitab gələcəyin liderlərini yetişdirmək iddiasında olan ali və natamam ali təhsil müəssisələrinin tədris vəsaitləri siyahısına salınsın.

# 1720 dəfə oxunub

Müəllifin son yazıları

# # #