Kinonun dövlətçilikdə rolu - Rüstəm Dastanoğlu

Kinonun dövlətçilikdə rolu - Rüstəm Dastanoğlu
28 dekabr 2023
# 11:30

Kulis.az Rüstəm Dastanoğlunun "Kinonun dövlətçilikdə rolu" yazısını təqdim edir.

30 illik dostum Orxan Fikrətoğlu ilə kino ilə bağlı söhbətlərimizin birində Orxan müəllim dedi ki, indi kino özü-özünü maliyyələşdirən bir strukturdu. Pul tapıb , filmlər çəkilməlidi, tamaşaçılara göstərilməlidi, pul qazanılmalıdı ki, həm özünü saxlasın, həm də fəaliyyətini davam etdirsin. İqtisadiyyata meyilli bir yazı adamı kimi, bəlkə kino ilə bağlı bir yazı yazasan. Mən də cavabında söz verdim ki, çalışaram yazım.

Kino, əlbəttə, hər şeydən əvvəl hər bir dövlətin, millətin özünü tanıtım yolunda, kompleks şəkildə olanlarını kino dilində tamaşaçılara, dünyaya çatdıran mədəniyyətin çox lazımlı bir qoludur.

Məsələn, Amerika kimi böyük dövlətlər lazımi siyasətlərini, həyat tərzlərini, geyim tərzlərini, "Rembo" və digər filmlərinin nümunəsində, yaratdıqları qəhrəmanlarını, qurduqları dövlət modellərini çəkdikləri çoxsaylı film və serialları vasitəsi ilə davamlı təbliğ edirlər. Filmlərini, seriallarını bütün dünya ölkələrinə satırlar, lazımi təbliğat işlərindən əlavə, həm də çox böyük pullar qazanırlar.

Kaliforniya ştatında, Los-Anceles şəhərinin yaxınlığında yerləşən Hollivudun sahəsi 80 km² ətrafındadır.

Hələ 2010-cu ildə bütün dünya üzrə filmlərdən kassa yığımları 22 milyard dollar olub. Amerikada illik kinoteatrlara gedənlər 1 milyarddır. Kassa yığımı isə 11 milyard dollar ətrafındadır.

Ziqfrid Krakauer deyirdi ki, kinonun iki funksiyası var: ətrafda olan reallığı göstərmək və yeni reallıqlar yaratmaq".

Kino elə bir sahədir ki, çəkdiyin mövzunu və ya dövlətinə, millətinə məxsus olanları çox yüksək bədii, bədii-sənədli, sənədli filmlər səviyyəsində çəkməyi, təqdim etməyi bacarmalısan ki, bu filmlərə baxılsın, filmləri alan olsun.

Filmin hazırlanmasını, hardasa, yeməyin hazırlanması ilə müqayisə etmək olar. Belə ki, kinonu və yeməyi hazırlamaq üçün çoxsaylı komponentlərdən istifadə olunur.

Bir yeməyin hazırlanması üçün, aşağı-yuxarı nələr lazımdı?. Ət, balıq, dəniz məhsulları, yağlar, un, su, soğan, sarımsaq , ədviyyatlar, göyərtilər düyü, digər dənli bitkilər və s, və i.a... Amma eyni məhsullardan hazırlanmış bir yeməyin qiyməti 10 manat ətrafında ola bilər. Başqa birisi eyni məhsullardan hazırlanan yeməyi 200 dollar ətrafında və ya daha baha sata bilər.

Eyni məhsullardan hazırlanan yeməyə münasibət, harda hazırlanması, kim tərəfindən hazırlanması, nədə, necə təqdim olunması, harda təqdim olunması, ətraf mühit, yerin səviyyəsi bütün bunlar əslində tərkibi eyni məhsullardan olan yeməyə tam fərqli münasibət formalaşdırır.

Bayaq dediyim kimi, filmlərin hazırlanması da bu prosesə çox yaxındıː filmi hansı komanda, hansı səviyyədə hazırlayır. Başlanğıcdan sona kimi bəlli bir səviyyə götürüb yekunlaşdırmaq və onu yüksək səviyyədə təqdim eləmək, satışa çıxarmaq. Bu formada yanaşma olandan sonra hökmən nəticələr olacaq.

Yoxsa filmlərin çəkilməsi ilə bağlı çox gözəl ideyalar ola bilər , mövzular təklif olunar, amma başlanğıcdan sona kimi bütün əlaqələndirici sahələri çəkiliş komandası əlində saxlayıb yekuna çatdıra bilməsə, heç bir nəticə, əlbəttə, olmayacaq . Əksinə, o gözəl ideyalar, mövzular, ssenarilər hörmətdən salınacaq.

Qardaş Türkiyə kino sahəsində qısa müddətdə təsəvvür olunmaz uğurlar qazandılar, dünya səviyyəsində çox qabağa getdilər.

Bu işə dövlət səviyyəsində qarışdılar, istiqamətləri müəyyənləşdirdilər, dövlətin şanlı tarixini kompleks şəkildə, çox yüksək səviyyədə mütəxəssislərin iştirakı ilə araşdırmaq, kostyumlardan, oturub-durmaq, danışıq tərzindən, məkandan, yaşayış tərzindən tutmuş, insani, ailədaxili, dinə, musiqiyə, sənətə münasibət, savaşlara, mətbəx mədəniyyətinə baxış və s. və i.a ya kimi yüksək səviyyədə, özünəməxsusluğu ilə təqdim etməyi filmlərində, seriallarda bacardılar. Bütün tarixin lazımlı, vacib məqamlarını ssenarilərə oturtmaq, yenə də çox yüksək səviyyəli, həm də dövlətçilik şüuru olan yönətmənləri- komandanı formalaşdırıb ortaya məhz özünə məxsus, amma dünya səviyyəli filmlər-seriallar çəkib təqdim elədilər.Və serialların sayı yüzlərlə olmasından asılı olmayaraq, başlanğıcdan sona kimi götürülən səviyyəni saxlayırlar. Bütün bu seriallarla Türkiyənin tarixini, mədəniyyətini, ədalətini, dinə münasibətini, digər xalqlara, dinlərə münasibətini və s., və i.a.nı dünyaya çatdırmaq , Türkiyə mədəniyyətini yüksək səviyyədə təbliğ etmək, dövlətin reytinqini, ona qarşı, yaxşı mənada marağı artırmağı bacardı. Qısa müddət ərzində Türkiyənin çəkib ortaya qoyduğu filmlərə dünya səviyyəsində çox böyük maraq yarandı, Dünyanın 60-dan artıq ölkəsinə filmlərini satdılar, il ərzində Amerikadan sonra ən çox seriallar ixrac edən və bu sahədə valyuta qazanan kino dövlətinə çevrildi. Bir ildə filmlərin satışından dövlətə 600 milyon valyuta gətirdilər. Və bu yolda qardaş Türkiyə uğurlarını davam etdirir.

Azərbaycan dövləti olaraq çox şanslıyıq ki, qardaş Türkiyə dövlətinin keçdiyi inkişaf yolunu analiz etmək, keçilən inkişaf yolundan öyrənə bilərik və bunların öyrənilməsi üçün bizim üçün hər cür şərait yaradarlar, onlarla birgə filmlər, seriallar çəkərik.

Mənsub olduğun dövlətin tarixinə, keçdiyi yola və dünya üçün maraqlı mövzuların vasitəsi ilə, lazım olanlarını(ǃ)Dünya səviyyəsinə çıxarmağı bacarmalısan. Azərbaycanın dünyada daha da geniş təbliği, tanıdılması üçün hansı mövzu daha uyğun olar? Mövzunun özünün adı artıq dünyada maraq oyada biləcək olsunǃ - Azərbaycan üçün məncə ən uyğun mövzu "Petrol" mövzusudu. petrol kəlməsinin özü dünya üçün həmişə maraqlıdı, cəlbedicidi. petrol uğrunda siyasətlər qurulur, müharibələr aparılır. Həm də petrol sahəsində, dünya səviyyəsində Azərbaycanın böyük ənənəsi, tarixi var. Zamanında dünya üzrə çıxarılan neftin- Petrolun böyük bir hissəsi Azərbaycanda çıxarılıb, Sənayə üsulu ilə dənizdən ilk dəfə neft Azərbaycanda çıxarılıb. Ona görə bu mövzuda Azərbaycan adından deyiləsi, çəkiləsi kifayət qədər materiallar var.

Azərbaycanda neft – petrol sənayesində dünyalarca elə məşhur simaların adı keçir ki, onların Azərbaycanda fəaliyyətləri, qazandıqları pullar,qoyduqları investisyalar haqqında məlumatların verilməsi, Azərbaycanda keçirdikləri həyat yolu, yüksək səviyyəli çəkilişlərlə təqdim olunması dünyanın hər tərəfində maraq oyadacaq. Bu adlar hansılardı? - Rotşildlər, Nobel qardaşları, Rokfellerlər, Tağıyevlər, Stalinin Nağıyevi oğurlatmaq hadisəsi, digər fəaliyyətləri. Adların hər birinin çəkilən serillarda- filmlərdə o filmin səviyyəsini, tamaşaçı sayını , marağı birə min artırır. Amma, amma gərək filmi- serialı da həmin çəkilən adlara, mövzuya uyğun səviyyədə çəkib ortaya çıxarasan.

Məsələn, filmi 20 sentyabr 1994-cü ildə Gülüstan sarayında rəhmətlik H. Əliyevin iştirakı ilə Beynəlxalq Transmilli şirkətlərin, neçə dövlət nümayənlərinin iştirakı ilə keçirilən tədbirlə də başlamaq olar, bir xronika kimi verilə bilər və sonra həmin tədbirin pozulnası üçün maraqlı dövlətlərin nələr etdiyini, etmək istədiklərini və onların necə qarşısının alınmasından yüksək dramatik kadrlar vermək, lazım gəldikcə keçmişə, lap keçmişə, reallığa keçidlərlə mükəmməl seriallar- filmlər çəkmək olar. Qardaş Türkiyəmizin tarixi filmlər ː - "Diriliş Ərtoğrul", " Quruluş Osman ", "Möhtəşəm yüz il ", Səlcuqlarla bağlı, "Qurdlar vadisi " kimi davamlı olaraq səviyyəni saxlamaqla elə bir filmlər ərsəyə gətirmək olar.

Biz həm də çəkilişlər üçün lazım olan maliyyə xərclərinə yuxarıda adlarını sadaladığımız adlara məxsus fondları, BP və digər nəhəng beynəlxalq neft şirkətlərini cəlb eləyə bilərik.

Əlbəttə, elə nüans tutulmalıdı ki, gedən proses, başlanılan iş hamı üçün sərfəli olsun.

Nobellərin, Rotşildlərin, Rokfellerlərin nəsillərinin davamçılarına, o fondlara rəhbərlik edənlərə onların mövcud səviyyələrinə uyğun təkliflər hazırlanmalıdı. Və onlar görüb hiss eləməlidilər ki, təklif olunan iş onların mənsub olduğu ailəyə əlavə müsbət imic gətirəcək. Fakt odur ki, onların ( Nobellərin, Rotçildlərin, Rokterlərin) tərcümeyi halında, iş həyatında Bakı ilə - Azərbaycanla bağlı çox keşməkeşli fəaliyyət dövrü olub, bunu heç kim dana bilməz. Amma bu həyat, fəaliyyət hissəsinin təqdimatı onların adının mövcud səviyyəsinə uyğun olmalıdı. Onda onların mənsub olduğu ailənin davamçıları, onların adı ilə bağlı fondlar filmlərə çox sanballı maliyyə dəstəyi verəcəklər... Və bu təklifi hazırlayan komanda Azərbaycanda varmı?.. Məncə, yoxdu.

Bir də bu komandanı, Türkiyədən, Avropadan, lap Hollivudun özündən dəvət etmək olar. Və onlar məmnuniyyətlə razılaşacaqlar, çünki mövzu çox maraqlıdı, cəlbedicidi, filmə maraq çox böyük olacaq və film lazımi səviyyədə çəkilib ortaya çıxarılsa, Azərbaycanın çox böyük əlavə tanıtımı olar və böyük pullar gətirər... Amma Azərbaycan tərəfindən olan əlaqələndirici komanda elə hazırlıqlı, səviyyəli olmalıdı ki, bütün mövzunu, bütün komandanı hiss olunmadan Azərbaycan naminə işlədə bilsin ǃ

Bu formada işlər qurulsa, çəkilən film həm Azərbaycanımız, onun təbliği, tarixi, tarixinin çox önəmli bir hissəsi, həmin önəmli hissədə dünyalarca məşhur, dünyanı idarə edən adların, soyadların Azərbaycanla bağlı olmaları, onların Azərbaycanda böyük pullar qazanmaları, Dünya üçün petrolun nə demək olduğunu ehtiyac olmayan məhsulun demək olar Azərbaycandan başlanmasını dünyaya çatdırmaq, Azərbaycanı dünyaya yaxşı tərəfdən daha çox tanıtmaq, Azərbaycana olan marağı artırmaq. Üstəlik, filmlərlə Azərbaycana valyuta gətirmək.

Məsələn, bu çəkilişləri Türkiyənin məşhur seriallar çəkən şirkətlərinə də həvalə etmək olar. ( onların özləri inanıram ki pul da taparlar, yuxarıda dediyim yanaşma və digər yollarla) və məsələn, belə razılaşmaya gəlmək olar ki, dövlət səviyyəsində sizi dəstəkləyirik, istiqamətləri bir yerdə müəyyənləşdiriləcək, filmdən gələn gəlir yarı bölünəcək ; yarısı şirkətin, yarısı Azərbaycanın.

Sonra İkinci Dünya müharibəsində Azərbaycan neftinin rolu, Hitlerin Bakı neftini ələ keçirmək planları, istəyi. ingilislərin, rusların, Amerikanın,Avropa ölkələrinin, İranın, Türkiyənin Azərbaycan nefti ətrafında qurduqları siyasət bolşeviklərin Azərbaycanı-Bakını tutması. Rotşildlərin, Nobellərin, Rokfellerlərin, Tağıyev, Nağıyevlərin bu hadisələrdə taleləri, Azərbaycan tərk etmələri.

Bakı-Tiblisi–Ceyhan neft kəmərinin çəkilməsi, bu kəmərin çəkilməsi ilə bağlı qonşu və digər dövlətlər tərəfindən olan böyük maneələr, onların qarşısının alınması. Xəzər dənizi ilə bağlı ətraf dövlətlər arasında olan problemlər, neft yataqları ilə bağlı İranla, Türkmənistanla olan ciddi münaqişələr. və s. və .i.a.

Filmlərə-seriallara baxanda o öz xüsusiyyətləri ilə hiss olunmalıdı ki, Azərbaycan filmidi. Filmdə azərbaycanlı ab-havası olmalıdı, amma çox yüksək səviyyədə.

Millətimizə məxsus keyfiyyətləri yüksək səviyyədə kino dili ilə təqdim etməkdən qorxmamalıyıq, belə bir kompleks olmamalıdı.

Filmlərin çəkilməsi, tam komplektləşmiş, nə istədiyini bilən, dünya kinematoqrafiyasında baş verənləri bilən, istəyinin kökündə Azərbaycana, dövlətimizə, xalqımıza bağlılq olmasa, səviyyəli, maraqla qarşılanan, pul ödənib alına bilən filmlərin çəkilməsi mümkün deyil.

Və biz çəkdiyimiz filmlərin səviyyəsini qaldırıb türk dünyasında qəbul etdirincə 85 milyonluq Türkiyədə, digər türk dövlətlərində çəkilən filmlərə qarşı davamlı olaraq marağı artıra bilərik, ən azı 150 milyonluq tamaşaçısı olan türk dövlətlərinə filmlərimizi sata bilərik.

Bizim "Arşın mal alan" filmimizə türk dövlətlərində, dünyada nə qədər marağın olduğunu, neçə dövlətlərə satıldığını bilirik. O filmə maraq niyə o qədər çox idi? Ona görə ki, film milli adət-ənənələrin, dəyərlərin üstündə köklənib çəkilmişdi. Musiqisi ilə, kostyumları, aktyorları və s. və i.a ilə o zamanın şərtləri ilə yüksək səviyyədə, səmimi formada, hər biri öz işini yüksək səviyyədə bilən komandanın iştirakı ilə çəkilmişdi. Filmdə xalqımızın ruhu, özünəməxsusluğu var idi. Çox maraqlıdır ki, nə qədər özünəməxsusluq çox olanda və onlar səmimi, yüksək səviyyədə təqdim olunanda daha yaxşı qəbul olunur.

Çox inanırıq ki, Azərbaycanda kino sahəsində köklü dəyişiliklər olacaq, mədəniyyətin ən aparıcı qollarından biri olan kino sənayesinin inkişaf dövrü başlayacaq. Kino sahəsində çalışan bütün yaradıcı insanlara işləmək üçün daha münbit şərait yaranacaq.

Dövlətimizin tarixinin, özünəməxsus xüsusiyyətlərinin kino dili ilə dünyaya çatdırılmasında dəyişiliklərin şahidi olacağıq.

# 1025 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #