Kino sənayesi olmayan ölkədə kino - Elvin Adıgözəl

Kino sənayesi olmayan ölkədə kino - Elvin Adıgözəl
2 avqust 2023
# 16:25

Kulis.az Kino Günü münasibətilə rejissor Elvin Adıgözəlin "Azərbaycanda kino" yazısını təqdim edir.

Kino sənayesi olmayan, kinoteatr binalarının məhv edildiyi ölkələrdə kinoya ona görə dövlət büdcəsindən pul ayrılır ki, heç olmasa, bu sahədə də hərəkətlilik olsun.

Əks halda əhali tamamilə mədəni deqradasiyaya uğrayır, kinonun nə olduğunu bilmir, kino sahəsindən hamı yavaş-yavaş uzaqlaşır.

Azərbaycan da bu cür ölkələrin sırasındadır.

Bu gün Azərbaycanda müxtəlif kino fondları yoxdur deyə, Mədəniyyət Nazirliyi bir mexanizm yaratmalı, o mexanizm üzrə kinoya pul ayırmalıdır.

Fərqi yoxdur, hansısa dövlət agentliyi adı ilə ya ARKA adı ilə, ya da birbaşa Mədəniyyət Nazirliyi adı ilə.

Və bu sistem beynəlxalq təcrübəli kino adamları ilə müzakirələr nəticəsində qurulmalıdır.

Bu sistemlə yanaşı, kino haqqında qanun layihəsi hazırlanmalı, təcili təsdiq olunmalıdır.

Hətta kino sənayesi olmayan ölkədə ultra təcili təsdiq olunmalıdır.

İttifaqların birləşməsinin kinoya, mədəniyyətə faydalı olması üçün mövcud problemlərin həllinə birgə çalışmalı, sənətdəki maneələrə qarşı etiraz aksiyaları təşkil edilməli, dövlətlə kino arasında tələblərin-təkliflərin körpü rolunu oynamalıdır. Yoxsa 500 ittifaq birləşsə, kinoya xeyri olan deyil.

Sözsüz, keyfiyyətli kino istehsalı üçün pul lazımdır.

Müstəqil rejissorlar belə əvvəl-axır xaricdən pul axtarır. Ancaq xarici fondlar da öz ölkəsində bir qəpiklik dəstək görməyənlərə vəsait ayırmırlar.

İstər müstəqil rejissorlar, istər vaxtilə dövlət büdcəsindən ayrılan pul hesabına kino çəkənlər birbaşa prezidentə müraciət etməlidir, müsahibələrində, ya da hakimiyyət rəhbərləri ilə fərdi söhbət zamanı açıq şəkildə deməlidir ki, bu gün ölkədə kinoya ayrılan vəsait bir qəsəbə yolunun bərpasına ayrılan vəsaitdən də azdır.

Məsələn, hələ də “Eurimages”in üzvü deyilik.

Azərbaycanın “Eurimages”ə üzv olması üçün ölkədə kino sənayesi olmalıdır.

Yəni müstəqil kinoteatr binaları olmalıdır, kino çəkilməlidir, kino adamları kinoteatrlardan 80-90 faiz gəlir əldə etməlidir, çəkilişlər üçün qoyulmuş qadağalar aradan qaldırılmalıdır, proses sadələşdirilməlidir. Küçədə kino çəkilişləri azad olmalıdır.

İl ərzində dövlət büdcəsindən heç olmasa, iki-üç dəfə kinoya pul ayrılmalıdır.

Və əlbəttə, hesabat təqdim olunmalıdır.

# 1277 dəfə oxunub

Müəllifin son yazıları

# # #