Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub.
Kulis.az xəbər verir ki, seçim komissiyasının üzvlərinin qiymətləndirməsinə əsasən ikinci mərhələdən dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30 layihə məqbul hesab edilərək növbəti mərhələdə iştirak hüququ qazanıb.
Tələbə alt istiqaməti üzrə isə 16 tələbə layihəsi məqbul hesab olunub.
Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq müdafiə edəcəklər. Bu mərhələdə Seçim Komissiyası və Ekspert Şurasının rəyi əsasında müəyyən ediləcək qalib layihələr noyabrın 27-də ARKA-nın rəsmi internet səhifəsində (arka.culture.az) elan olunacaq.
İştirakçıların müsabiqənin yekun nəticələri ilə bağlı şikayətlərinə Apellyasiya Komissiyası baxıb müvafiq qərar qəbul edəcək.