"Kəbirlinski istedadsız idi..." - Tərlanə Yaqubqızı

"Kəbirlinski istedadsız idi..." - Tərlanə Yaqubqızı
29 fevral 2024
# 13:30

Kulis.az Tərlanə Yaqubqızının "Mənim sevdiyim Kəbirlinski" yazısını təqdim edir.

Bu yaxınlarda eşitdim ki, Kəbirlinski vəfat edib. Onun ölüm xəbərinə çox üzüldüm. Məkanı cənnət olsun.

İndi bəzi ağzıgöyçəklər mənə irad tutacaqlar. Axı məsəl var: "Sağlığında kor Fatı, öləndə badam gözlü".

Bu başdan sizə ərz edim ki, Feyzulla Kəbirlinski mənim üçün heç vaxt kor Fatı olmayıb. O, mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim kişi obrazıdır. Bu kişini sevməmək olmaz. Ailəsini dolandırmaq üçün özünü oda-közə vuran, teatrdan çıxıb dublyaja, oradan televiziyaya qaçan, özgə uşağına atalıq edən adamı sevməmək olarmı? Onu yalnız haram yolla pul qazanan fırıldaqçılar, rüşvətxorlar, gününü veyil-veyil restoranlarda, kafelərdə keçirən, ailəsindən xəbərsiz kişiciyəzlər sevməz.

Kəbirlinskinin başqa gözəl xüsusiyyətləri də var. Tolerant, tənqidə açıq bir adamdır. Ətrafındakı modernist düşüncəli, özünü bəyənən, özünü hamıdan ağıllı, savadlı, istedadlı sayan cavanlar onu ələ salır. Bu altmış yaşlı ağsaqqal isə ruhdan düşmür. Hətta boş vaxt tapanda sevdiyi işlə məşğul olur. Başına özü kimi sənətsevərləri toplayıb həsrətində olduğu baş rolları oynayaraq "gözünün qurdunu öldürür".

Qoy Kəbirlinskinin ruhu məni bağışlasın. Bir dəfə özlüyündə mənə dərs keçmək istəyən birisinə qəflətən demişdim: Mən sənin üçün Kəbirlinski deyiləm!

Adam gözünü döyüb mənə necə baxdısa, dəvənin nalbəndə baxmağı bu olsa gərək. Demə, yazıq heç Kəbirlinskini tanımırmış. Ona Kəbirlinski haqqında qısa məlumat verdim. Heç olmasa, "Dantenin yubileyi" filminə baxmasını tövsiyə etdim. Çünki görürəm ki, heç kəs heç kəsin kitabını oxumaq istəmir.

Elə bilməyin ki, onun Kəbirlinskini tanımaması məni təəccübləndirdi. "Şikayətnamə"nin müəllifinin Bəxtiyar Vahabzadə olduğunu deyən, povestlə poemanın fərqini bilməyən, Yesenini qadın zənn edən, Səməd Mənsurun yubiley tədbirində qonaqlar arasında onu axtaran ziyalı yox, ziyanlı adamlarla bir zəmanədə yaşayırıq.

Deyirəm, Kəbirlinski yaxşı ki, Ərəblinski, Sarabski kimi müqtədir sənətkarlardan olmayıb və onlarla bir dövrdə yaşamayıb. Yoxsa çoxdan repressiya qurbanı olmuşdu.

Kəbirlinski istedadsız idi, amma Nizaminin kərpickəsən kişisi kimi heç kəsə əl açmadan öz ruzisini özü qazanırdı.

Kəbirlinski saf adam idi, ona görə adamlara inanırdı. İndi bu saflıq çox az adamda qalıb.

Kəbirlinski keçən ilin yayında xəstəxanada vəfat edibmiş.

Mən o obrazı böyük yazıçımız Anarın təbirincə desəm, canlı insan kimi çox sevirdim.

Allah Kəbirlinskiyə rəhmət eləsin!

# 1625 dəfə oxunub

Müəllifin son yazıları

# # #