İstanbul Kitab Sərgisinin fəxri qonaq ölkəsi: Azərbaycan

İstanbul Kitab Sərgisinin fəxri qonaq ölkəsi: Azərbaycan
23 sentyabr 2024
# 09:34

Noyabrın 2-dən 10-dək İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan ilk dəfə dünyanın bu nüfuzlu kitab sərgisində “fəxri qonaq ölkə” qismində iştirak edəcək. Bu münasibətlə İstanbulda tədbir təşkil olunub.

Tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqı idarə heyətinin rəhbəri Kenan Kocatürk və digər şəxslər iştirak ediblər. Akif Marifli çıxışında deyib ki, son illər qardaş ölkənin aidiyyəti qurumlarının dəstəyi ilə Azərbaycan-Türkiyə kitabxanaları arasında əlaqələr genişlənir, təcrübə və kitab mübadiləsi aparılır.

Eyni zamanda son dörd il ərzində Türkiyə nəşriyyatları Bakı Beynəlxalq Kitab Sərgisində davamlı iştirak edirlər. Bildirilib ki, Azərbaycan bu il İstanbul sərgisinə ilk dəfə 10 nəşriyyat və ondan artıq yazar ilə qatılacaq. Bundan əlavə, mədəniyyət sahəsi üzrə müxtəlif tədbirlər təşkil olunacaq. Digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq və sıx əməkdaşlıq əlaqələrindən danışıblar. Qeyd edək ki, builki İstanbul Beynəlxalq Kitab Sərgisi “Uşaqlıq şənlikdir” şüarı altında keçiriləcək.

Sərginin “fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazar Yalvaç Ural olacaq.

# 478 dəfə oxunub

Müəllifin son yazıları

# # #