İspaniyanın ən məşhur festivallarından biri olan "La Tomatina" minlərlə insanın iştirakı ilə Bunol şəhərində yenidən keçirilib.
Kulis.az xəbər verir ki, Çərşənbə günü təşkil olunan 79-cu "La Tomatina" festivalına qatılan minlərlə insan bir saatdan biraz artıq vaxt ərzində küçələrdə 165 tondan artıq pomidoru bir-birinə ataraq əylənib.

Hər il avqustun son çərşənbəsi keçirilən festivalın əsası 1945-ci ildə bir parado zamanı iki gənc qrupunun davası ilə qoyulub.

1950-ci illərdə diktator Fransisko Franko tərəfindən qadağan edilsə də, şəhər sakinlərinin simvolik "pomidor dəfni" etirazından sonra bayram 1959-cu ildə rəsmi qaydalarla bərpa olunub.

Bu il 20 mindən çox insanın qatıldığı festivala gələnlərin 40 faizə yaxınını xarici turistlər təşkil edib.

2011-ci il istehsalı olan "Zindagi Na Milegi Dobara" Bollivud filminin çəkilişlərindən sonra bayram xüsusilə Hindistandan gələn turistlər arasında böyük populyarlıq qazanıb.


