“İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirildi

“İsmayıl Şıxlı Türkiyə türkcəsində”  adlı tədbir keçirildi
22 may 2024
# 17:30

Bakı Yunus Emre İnstitutunun və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, İsmayıl Şıxlının 105 illik yubileyi çərçivəsində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qasımlı yazıçının “Namərd gülləsi” hekayəsinin təhlilini və “60-lardan Günümüze Azerbaycan Hikayesi” kitabını təqdim edib.

Tədbiri giriş sözü ilə açan Yunus Emre İnstitutunun müdiri Selçuk Karaklılıç İnstitutun fəaliyyəti ilə bağlı məlumat verib.

Daha sonra Lalə Qasımlının İsmayıl Şıxlının və digər Azərbaycan yazıçılarının hekayələrinin Türkiyə türkcəsinə tərcümə və təhlil edildiyi layihəsi əsasında ərsəyə gələn kitabı ilə bağlı fikirlərini bildirən Selçuk Karaklılıç, əsərin Türkiyə və Azərbaycan arasındakı əlaqələrə müsbət təsirini və əhəmiyyətini vurğulayıb.

Növbəti çıxış edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü İsmayıl Şıxlı yaradıcılığına toxunaraq təqdim olunan layihə çərçivəsində Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən bəhs edib. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda türk filologiyası sahəsində dəyərli türkoloji tədqiqatların aparıldığını, türk ədəbiyyatından tərcümələr edildiyini deyib, Şərqşünaslıq İnstitutunun əməkdaşının təqdim edilən kitabının da Azərbaycan - Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafına bir töhfə olduğunu vurğulayıb.

Sözügedən layihənin rəhbəri dosent Lalə Qasımlı kitabla bağlı geniş məruzə ilə çıxış edib və İsmayıl Şıxlının “Namərd gülləsi” hekayəsi haqqındakı məqaləsini təqdim edib. Məruzəçi layihənin həyata kerçirilməsində dəstəyini əsirgəməyən insanlara və tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirib.

Çıxışçılar arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Əsəd Cahangir, İsmayıl Şıxlının övladı Elçin Şıxlı, professor Təyyar Salamoğlu, yazıçı Şərif Ağayar və Mənzər Niyazlı İsmayıl Şıxlının əsərlərindən, onun yaradıcılığının müasir ədəbiyyata olan təsirindən, kitabın Azərbaycan və Türkiyə ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda qonaqlar müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzu ediblər.

# 770 dəfə oxunub

Müəllifin son yazıları

# # #