İsmayıl Osmanlının xatirə gecəsi keçiriləcək 

İsmayıl Osmanlının xatirə gecəsi keçiriləcək 
8 aprel 2022
# 11:00

Aprelin 10-da Akademik Milli Dram Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, xatirə gecəsində görkəmli sənətkar İsmayıl Osmanlının Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, yaratdığı obrazlara nəzər salınacaq.


Daha sonra “Dəli yığıncağı” tamaşası nümayiş olunacaq. Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Elnar Qarayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), əməkdar artist Aslan Şirin (Həmzat Qurban), aktyor İlyas Əhmədov (Cinni Mustafa), aktyor Mətləb Abdullayev (Şimrəli, Çavuş), əməkdar artist Əlvida Cəfərov (Hacı Məmmədəli), aktyor Rüstəm Rüstəmov (Hacı Xudaverdi), əməkdar artistlər Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Xalq artistləri Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), Əli Nurzadə (Kərbəlayi Türbət), əməkdar artistlər Mətanət Atakişiyeva və İradə Həsənova (Məşədi Zeynəb), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Lalə Süleymanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.

# 1530 dəfə oxunub

Müəllifin son yazıları

# # #