İsmayıl Hacıbəyovun yaradıcılığına həsr olunmuş portret-konsert keçiriləcək

İsmayıl Hacıbəyovun yaradıcılığına həsr olunmuş portret-konsert keçiriləcək
30 mart 2024
# 11:00

Aprelin 1-də Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi çərçivəsində Mərkəzin akt zalının səhnəsində bəstəkar İsmayıl Hacıbəyovun yaradıcılığına həsr olunmuş “Muzeydə musiqi gecələri” silsiləsindən növbəti portret-konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, neoklassisizmi öz yaradıcılığının ayrılmaz tərkib hissələrindən birinə çevirən azərbaycanlı bəstəkar İsmayıl Hacıbəyov Qara Qarayevin sinfində təhsil alıb. 1974-cü ildən ömrünün sonunadək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bəstəkarlıq fənnini tədris edib.

Aşıq musiqisinin filtrasiyası, həmçinin bəstəkar tərəfindən mükəmməl mənimsənilmiş Qərbi Avropa musiqisinə xas olan polifonik üslub və texnikaların sintezi nəticəsində onun yaradıcılığında neoklassisizm bu janra xas olan formaların aydınlığı və dəqiqliyi ilə özünü büruzə verir.

Bəstəkar “Albomdan səhifələr”, “Üç idilliya”, “Konsertştük”, “İstəklər”, “Konsertino”, simfonik orkestr üçün “Naxışlar” və musiqi irsimiz üçün əhəmiyyətli sayılacaq bir sıra digər əsərlərin müəllifidir. Onun Ü.Hacıbəylinin “Cəngi” əsərinə müraciətlə yazılmış “Cəngi” fortepiano rapsodiyası milli neoklassisizmin parlaq nümunəsi hesab olunur. Konsertdə bəstəkarın kamera əsərləri ifa olunacaq.

Proqrama daxil edilmiş əsərlər Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli (fortepiano), həmçinin Azərbaycanın Əməkdar artistləri – Azərbaycan Dövlət Xor Kapellasının direktoru Xurşud Abdullayeva (klavesin) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və BMA nəzdindəki Ş.Məmmədova adına Opera Studiyasının solisti Fəridə Məmmədovanın (soprano) ifasında səsləndiriləcək. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza Contemporary Orchestra” və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Eyyub Quliyev iştirak edəcəklər.

“Muzeydə musiqi gecələri” layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının portret-konsertlərini təşkil edərək, onların yaradıcılığının xüsusiyyətlərini işıqlandırmaq, beləliklə müəllif musiqisinin təqdimatına daha çox zaman ayırmaq və bu minvalla ölkəmizdə keyfiyyətli musiqi auditoriyasının yaradılması proseslərinə töhfə verməkdən ibarətdir. Artıq layihə çərçivəsində Azərbaycan bəstəkarları Tahir İbişov, Rəhilə Həsənova və Xəyyam Mirzəzadənin portret-konsertləri keçirilib.

Muzey Mərkəzində saat 19:00-da keçiriləcək tədbirin moderatoru musiqişünas Şəfaqət Məmmədovadır. Konsertə giriş sərbəstdir.

# 866 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #